Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.09.2026 10:10
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun Elmi Şurasının iclasında rəqəmsallaşma və süni intellekt məsələləri müzakirə olunub

Ədəbiyyat İnstitutunun Elmi Şurasının iclasında rəqəmsallaşma və süni intellekt məsələləri müzakirə olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda Elmi Şuranın üzvləri, AMEA Rəyasət Heyətinin Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər şöbəsinin əməkdaşları, eləcə də gündəlikdəki məsələlərlə bağlı aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə institutun əməkdaşları - filologiya elmləri doktoru Baloğlan Şəfizadə 70, Ofelya İsmayılova isə 85 illik yubileyləri münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunublar.

Elmi Şuranın iclasını AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri təqdim edib.

İclasda müzakirə olunan ilk məsələ Elmi Şuranın tərkibinin yenilənməsi ilə bağlı olub. Akademik İsa Həbibbəyli şuranın tərkibində aparılan dəyişikliklər barədə məlumat verib.

Tədbirdə Ədəbiyyat İnstitutunun yeni loqotipi ilə bağlı məsələ də müzakirəyə çıxarılıb. Akademik İsa Həbibbəyli institutun elmi və ictimai fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təqdim olunması baxımından loqotipin yenilənməsinin əhəmiyyətini vurğulayıb. O, müasir dövrdə elmi müəssisələrin vizual kimliyinin və institusional təqdimatının da yeni çağırışlara uyğunlaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın loqotipinin də yeniləndiyini qeyd edərək, Ədəbiyyat İnstitutunun yeni loqotipinin hazırlanmasını bu prosesin tərkib hissəsi kimi dəyərləndirib. Aparılan fikir mübadiləsindən sonra institutun yeni loqotipi Elmi Şuranın qərarı ilə təsdiqlənib.

Daha sonra ölkəmizdə rəqəmsallaşma və süni intellekt sahəsində həyata keçirilən tədbirlər, eləcə də bu istiqamətdə AMEA-nın və Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələr müzakirə olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq olunduğunu və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli bildirib ki, dövlət strategiyasının icrasını təmin edən fəaliyyət planının təsdiqlənməsi ilə bu istiqamətdə qarşıya konkret vəzifələr qoyulub.

Onun sözlərinə görə, strategiyadan irəli gələn vəzifələrin icrası Akademiyada mərhələli və sistemli şəkildə həyata keçirilir. Ədəbiyyat İnstitutunda müzakirə olunan məsələlər də ölkə üzrə rəqəmsallaşma və süni intellekt sahəsində müəyyənləşdirilmiş tələblərin icrası çərçivəsində institutun qarşısında duran vəzifələrlə bağlıdır.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, rəqəmsal transformasiyanın təmin olunması məqsədilə AMEA-nın elmi müəssisələrində mövcud ştat vahidləri və daxili imkanlar hesabına rəqəmsal inkişaf və süni intellekt üzrə müvafiq şöbələr yaradılıb. Eyni zamanda, müəssisələrdə “Elmi işlər və rəqəmsallaşma üzrə direktor müavini” vəzifəsi təsis edilib.

Rəqəmsallaşmanın müasir elmi fəaliyyətin əsas istiqamətlərindən birinə çevrildiyini vurğulan akademik İsa Həbibbəyli bunun zamanın qaçılmaz tələbi olduğunu bildirib. Qeyd edib ki, Akademiyada rəqəmsal transformasiya və süni intellekt üzrə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Rəyasət Heyətində Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər Mərkəzi yaradılıb. Bu istiqamətdə görülən işlər sistemli şəkildə davam etdirilir və hər üç aydan bir həyata keçirilən fəaliyyətin nəticələri barədə Rəqəmsal İnkişaf Şurasına hesabat təqdim olunur.

Daha sonra Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsallaşma üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli AMEA-nın İnsan Resursları və Elmmetrik Məlumatlar Bazasında (İREMB) yaradılmış Elmi Fəaliyyətin Rəqəmsal Dəyərləndirilməsi Meyarları (EFRDM) əsasında elmi fəaliyyətin rəqəmsal qiymətləndirilməsi sistemi haqqında məlumat verib.

O, sistem vasitəsilə əməkdaşların elmi hesabatlarının şəxsi kabinet üzərindən elektron formada təqdim ediləcəyini, elmi fəaliyyət göstəricilərinin müəyyən edilmiş meyarlar əsasında balla qiymətləndiriləcəyini bildirib. Mehman Həsənli qiymətləndirmənin müxtəlif kateqoriyalar üzrə aparılacağını, illik nəticələrin formalaşdırılacağını və əldə olunan göstəricilər əsasında əməkdaşların reytinq mövqeyinin müəyyənləşdiriləcəyini diqqətə çatdırıb.

Qeyd edib ki, elmi fəaliyyətin rəqəmsal qiymətləndirilməsi sistemi AMEA-nın elmi müəssisələri arasında ilk dəfə Ədəbiyyat İnstitutunda tətbiq olunur. Sistemin səmərəli istifadəsi və idarə edilməsi məqsədilə oktyabr ayından institut əməkdaşları üçün müvafiq təlimlərin keçirilməsinə başlanılacaq.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov çıxış edərək şöbə tərəfindən elektron xidmətlərin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb.

Dos. Fariz İmranov İnsan Resursları və Elmmetrik Məlumatlar Bazası (İREMB), AMEA Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi (REİRS) və Sözlərin Universal Funksionallıqla İşlənilməsi (AMEA SUFİ) sistemi haqqında ətraflı məlumat verib. O, bu rəqəmsal platformaların elmi fəaliyyətin idarə olunması, məlumatların sistemləşdirilməsi və elmi informasiya resurslarından səmərəli istifadənin təmin edilməsində rolunu diqqətə çatdırıb.

Şöbə müdiri, həmçinin elmi məhsulların rəqəmsal mühitdə müəllif hüquqlarının qorunması məsələsinə toxunub. Bildirib ki, AMEA-da elmi fəaliyyətin rəqəmsal qiymətləndirilməsi məqsədilə hazırlanmış EFRDM çərçivəsində 11 kateqoriya üzrə 107 meyar müəyyənləşdirilib. Bu meyarlar elmi fəaliyyətin müxtəlif istiqamətlərinin daha sistemli, şəffaf və ölçüləbilən şəkildə qiymətləndirilməsinə imkan verir.

Elmi Şurada Xalq yazıçısı Mirzə İbrahimovun və AMEA-nın müxbir üzvü Abbas Zamanovun anadan olmalarının 115 illiklərinin qeyd edilməsi məsələlərinə baxılıb. Həmçinin XII Bakı Beynəlxalq Kitab Sərgisində Ədəbiyyat İnstitutunun iştirakı, 2026-cı il üçün fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə olunub.

Bundan başqa, iclasda cari il üçün fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya qəbul olan doktorantların dissertasiya mövzularının, elmi rəhbərlərinin və təhkim olunduqları şöbələrin təsdiq edilməsi, eləcə də “Ədəbi proses – 2025”  Yaradıcılıq müşavirəsinin keçirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Tədbirdə, eyni zamanda, filologiya elmləri doktoru Mehman Həsənlinin “Türk dünyasında roman” kitabının, Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Aysel Əfəndiyevanın “Azərbaycan mühacirət nəsri (1920-1930-cu illər)” monoqrafiyasının, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi, fil.f.d. Ülvi Mikayılovun “İsa Muğannanın yaradıcılığında avtobioqrafizm” monoqrafiyasının və Məmmədəli Mənafzadə Sabitin “Əsərləri”nin çapa tövsiyə olunmasına dair qərarlar qəbul edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub, müvafiq qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: