AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər şuraları və Suraxanı rayonu E.Qaranzadə adına 270 saylı orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Mədəni irsimizi öyrənirik” devizi altında məktəblilər üçün ekskursiya təşkil olunub.
Tədbirin xüsusiyyətini nəzərə alaraq Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və açıq səma altında qayaüstü rəsmlər muzeyi ərazi olaraq seçilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Bəxtiyar Cəlilov və Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Bəhman Kərimov tədbirdə iştirak edən 150 məktəbliyə AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən Azərbaycanın mədəni irsinin öyrənilməsi və mühafizəsi istiqamətində görülən işlər barədə məlumat veriblər.
Daha sonra məktəblilər Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun müasir innovativ texnologiyalarla təchiz olunmuş muzeyi ilə yaxından tanış olub, Azərbaycanın qədim mədəni irsi barədə geniş məlumat əldə ediblər.
Açıq səma altında Qobustan qayaüstü təsvirləri, həmçinin mədəni irsimizin öyrənilməsi və qədim maddi mədəniyyət nümunələri ilə yaxından tanışlıq məktəblilərdə xoş təəssürat yaradıb.
Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, elmin təbliği və populyarlaşdırılması məqsədi ilə təşkil olunan bu cür marifləndirici tədbirlər AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2016-cı il tədbirlər planına uyğun layihə çərçivəsində həyata keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.