Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimin tərcüməsində “İslam mədəniyyəti atlası” çapdan çıxıb
05.10.2026 13:58
  • A-
  • A
  • A+

Şərqşünas alimin tərcüməsində “İslam mədəniyyəti atlası” çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun tərcümə etdiyi “İslam mədəniyyəti atlası” nəşr olunub.

E.Məmmədov eyni zamanda kitabın redaktoru və şərhlərin müəllifidır. İslam mədəniyyəti və sivilizasiyası mövzusunda fundamental və ensiklopedik iş olan bu nəşr amerikalı dinşünas-filosof İsmayıl Raci Faruqi və sənətşünas Luis Ləmya Faruqinin qələmə aldıqları bir kitabdır. Azərbaycan dilində nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın vitse prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevadır.

İslam mədəniyyəti və sivilizasiyasının zəngin irsini ilk dəfə vahid “atlas”da sistemli şəkildə təqdim edən bu fundamental əsər islam dünyagörüşü, etiqad sistemi, ənənələri, ictimai institutları və tarixi inkişaf prosesini geniş elmi əsaslarla əks etdirir. Zəngin xəritələr, illüstrasiyalar və cədvəllərlə müşayiət olunan nəşrdə müsəlman dünyasında ibadət həyatı, elm, incəsənət, hüquq, fəlsəfə, memarlıq və siyasət sahələrindən təşəkkül tapan mədəniyyət və sivilizasiya hərtərəfli şəkildə təhlil edilir.

Müəlliflər İslam sivilizasiyasının tarixi köklərini araşdıraraq ərəblərin, Mesopotamiya xalqlarının, kənanilərin, yəhudilər və digər qədim sivilizasiyaların təsirlərini müqayisəli şəkildə nəzərdən keçiriblər. Bununla yanaşı, onlar islamın müxtəlif etnik və mədəni cəmiyyətləri vahid etiqad, ümumi dəyərlər sistemi və harmonik sivilizasiya modeli ətrafında necə birləşdirdiyini elmi faktlar əsasında sübut etməyə çalışıblar.

Klassik və müasir elmi araşdırmaları özündə birləşdirən bu əsər islamı daxili məntiqi və özünəməxsus dünyagörüşü çərçivəsində təqdim edir, Qərb elmi ədəbiyyatında bəzən diqqətdən kənarda qalan və ya təhrif olunan bir sıra məsələlərə aydınlıq gətirir. Bu baxımdan, kitab yalnız İslam sivilizasiyasının tarixi və mədəni inkişafını öyrənən tədqiqatçılar üçün deyil, ümumilikdə din fenomeni ilə maraqlanan hər bir oxucu üçün mühüm elmi mənbə kimi qəbul oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: