Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.10.2026 15:58
  • A-
  • A
  • A+

“Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində” mövzusunda dəyirmi masa keçirilib

“Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində” mövzusunda dəyirmi masa keçirilib

Oktyabrın 5-də AMEA-nın Tarix və Etnologiya İnstitutunda görkəmli xalçaçı-rəssam, sənətşünas alim Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr edilmiş “Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru dosent İlqar Niftəliyev giriş sözü ilə açaraq Lətif Kərimovun Azərbaycan xalçaçılığının inkişafında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, Lətif Kərimovun çoxşaxəli yaradıcılığı yalnız xalça sənətinin deyil, bütövlükdə Azərbaycanın milli-mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Dəyirmi masada Lətif Kərimovun yaradıcılığı, Azərbaycan xalçaçılığının tarixi və milli-mədəni kimlik kontekstində yeri ilə bağlı məruzələr dinlənilib.

Azərbaycanın XV–XVIII əsrlər tarixi şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru, dosent Xeyirbəy Qasımov “Lətif Kərimov və Azərbaycanın orta əsr xalçaçılıq sənəti” mövzusunda məruzəsində Lətif Kərimovun Azərbaycan xalça sənətinin tarixi köklərinin araşdırılmasında və orta əsrlərdən günümüzədək gəlib çatan zəngin xalçaçılıq ənənələrinin öyrənilməsindəki rolunu diqqətə çatdırıb.

Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor İkram Ağasıyev “Azərbaycan xalça sənəti sovet ideologiyası siyasəti kontekstində” mövzusunda danışıb. O, sovet dövründə Azərbaycan xalçalarının ideoloji siyasət çərçivəsində inkişaf xüsusiyyətlərindən, ənənəvi xalçaçılıq məktəblərinin elmi və akademik müstəviyə keçirilməsində Lətif Kərimovun rolunu vurğulayıb. Süjetli xalçaların hazırlanması, Azərbaycan xalçalarının xarici ölkələrdə məşhurlaşması, beynəlxalq sərgilərdə uğurları və s. barədə məlumat verib.

Azərbaycan Respublikasının tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “Azərbaycan xalça sənətinin Lətif Kərimov zirvəsi” mövzusunda çıxış edərək görkəmli sənətkarın həyat və yaradıcılıq yolu, xalça sənətinin nəzəri və praktiki inkişafına verdiyi töhfələr, Bakı və Qubada xalça məktəbləri yaratması, eləcə də Azərbaycan xalçaçılıq məktəblərinin nümunələrinin toplanması və sistemləşdirilməsi istiqamətində gördüyü işlərdən bəhs edib. Məruzədə Lətif Kərimovun hazırladığı müxtəlif xalça qruplarına aid kompozisiya və naxış nümunələrinin Azərbaycan xalça sənətinin öyrənilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Dəyirmi masada Lətif Kərimovun zəngin elmi və yaradıcılıq irsinin Azərbaycan milli-mədəni kimliyinin formalaşmasında rolu ətrafında fikir mübadiləsi aparılıb.

  • Paylaş: