Elm yolunda formalaşmağımda görkəmli alim, akademik Cəlal Əliyevin müstəsna rolu olub. Onun yaratdığı elmi məktəbdə düşünməyi, araşdırmağı, nəticələrə yüksək tələbkarlıqla yanaşmağı öyrənmişəm.
Bu fikirləri Beynəlxalq Müəllimlər Günü münasibətilə açıqlamasında AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova söyləyib. O bildirib ki, Cəlal Əliyev tələbələrinə elmi nəticələrə yüksək tələbkarlıqla yanaşmağı öyrədib: “Cəlal müəllimdən elmi dürüstlüyü, zəhmətə sədaqəti, prinsipiallığı və ən mürəkkəb problemlərə belə cəsarətlə yanaşmağı öyrənmişəm. Ən əsası isə dərk etmişəm ki, alim olmaq təkcə yeni bilik yaratmaq deyil, həm də həmin biliyi ölkənin və cəmiyyətin inkişafına xidmət etdirmək məsuliyyətidir”.
Uzun illər Bakı Dövlət Universitetində professor kimi molekulyar biologiya fənnini tədris etdiyini bildirən İ.Hüseynova qeyd edib ki, elmdə əldə edilən bilik yalnız paylaşdıqca və yeni nəsildə davamını tapdıqca daha böyük dəyər qazanır. Akademikin sözlərinə görə, yaxşı alim müəllim olduqda elmin gələcəyinə, yaxşı müəllim alim olduqda isə təhsilin keyfiyyətinə xidmət edir. Onun fikrincə, müəllimin ən böyük məqsədlərindən biri tələbəsinin bir gün ondan daha böyük elmi nəticə əldə etməsidir. İ.Hüseynova müəllimin insanın həyatında istiqamətverici rolunu da xüsusi qeyd edib. Bildirib ki, şagirdin və ya tələbənin gələcək peşə seçiminə, öz potensialına inanmasına və elmə münasibətinin formalaşmasına müəllimin verdiyi sual, göstərdiyi diqqət və yaratdığı imkan ciddi təsir göstərə bilər. Akademik gənclərin potensialının hər zaman ilk baxışda görünmədiyini vurğulayaraq deyib: “Müəllimin vəzifəsi marağı və tədqiqat həvəsi olan gənci vaxtında görməkdir. Xüsusilə elm sahəsində istedadın inkişafı üçün tələbəyə düşünmək, sınamaq və səhv etmək imkanı vermək lazımdır”.
Onun sözlərinə görə, gələcək alimin potensialını, ilk növbədə, sual vermək qabiliyyətində görmək mümkündür: “Mən gənclərdə xüsusilə öyrənmək həvəsinə, intellektual marağa və davamlı işləmək qabiliyyətinə diqqət yetirirəm. Çünki istedad başlanğıc üçün mühüm şərtdir, amma elmi nəticəni formalaşdıran əsas amillər uzunmüddətli əmək, intizam və elmi marağın davamlılığıdır”. Akademik gənclərdə elmə maraq yaratmağın ən təsirli yollarından birinin onları real elmi mühitə cəlb etmək olduğunu qeyd edib. Onun fikrincə, laboratoriya təcrübələri, real tədqiqat layihələri, alimlərlə görüşlər, elmi seminarlar və tələbələrin özlərinin kiçik araşdırmalar aparması bu baxımdan mühüm rol oynayır. İ.Hüseynova vurğulayıb ki, molekulyar biologiyanın genetika, genomika, biotexnologiya, tibb və kənd təsərrüfatı ilə əlaqəsini göstərmək tələbələrdə bu elm sahəsinə marağın artmasına imkan verir. Bu gün gəncə elmin qapısını göstərmək kifayət deyil, həmin qapıdan keçməsi üçün ona imkan yaratmaq lazımdır.
Beynəlxalq Müəllimlər Günü münasibətilə həmkarlarını təbrik edən İ.Hüseynova müəllimliyin bilik verməklə yanaşı, daha böyük missiya daşıdığını bildirib. “Müəllimin ən böyük mükafatı isə onun tələbəsinin uğurudur. Əgər yetişdirdiyin gənc səndən sonra elmi yolu davam etdirir, yeni bilik yaradır və cəmiyyətə fayda verirsə, deməli, müəllim olaraq ən mühüm missiyanı yerinə yetirmisən”, – deyə akademik İ.Hüseynova vurğulayıb.