AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Əntiqə Paşayevanın “Etika və Hüquq: etika və hüququn nisbəti, oxşar və fərqli cəhətləri” adlı monoqrafiyası “Füyuzat” nəşriyyatında işıq üzü görüb.
Monoqrafiyanın elmi redaktorları h.e.d. prof., Xəyyam Cəbrayıl oğlu İsmayılov, fil.e.d. prof., Əliağa Qafar oğlu Cəfərov, f.e.d. dos., Vilayət İsmayıl oğlu İsmayılov; rəyçiləri akademik Nizami Qulu oğlu Cəfərov, f.e.d. prof., Əli Seyidabbas oğlu Abbasov və h.e.d. prof., Habil Surxay oğlu Qurbanovdur.
İctimaiyyətə və geniş oxucu auditoriyasına təqdim edilən hazırkı monoqrafiya müəllifin 2024-cü ildə müdafiə etdiyi dissertasiyasının daha geniş və yeni mövzuları əhatə edən tədqiqat işidir. Monoqrafiyanın mövzusu “Etika və Hüquq”dur: etika və hüququn, hüquq və əxlaqın, əxlaq və qanunun, hüquq və ədalətin, hüquq və vicdanın, hüquq və insafın, hüquq və adət-ənənənin nisbəti, qanunvericilikdə və məhkəmə sistemində funksiyası, oxşar və fərqli cəhətlərinin tutarlı sübutlar əsasında müqayisəli aspektdə tədqiqi və təhlilidir. Etika və hüququn bağlılığından əsas hədəf insanlığı qorumaq, ləyaqətli, etik normalara əməl edən, sağlam düşüncəli insanlardan ibarət sosial cəmiyyət yaratmaqdır.
Etika və hüququn nisbəti, oxşar və fərqli cəhətləri Qərb fəlsəfəsinin əsas mövzusu olaraq hazırkı dövrdə də aktualdır. Mövzunun fəlsəfi, etik və hüquqi zəruriliyini nəzərə alaraq qeyd etməliyik ki, monoqrafiya yeni elmi mövzulara və nəticələrə əsaslanır; monoqrafiya təkcə dissertasiya mövzusu kimi deyil, həm də elmi əsərlər içərisində ilk dəfə olaraq tədqiq olunmuşdur. Hazırkı mövzu fəlsəfə və hüquq sahəsində ilk tədqiqat işidir.
Monoqrafiya elmi mərkəzlər, elmi müəssisələr, təşkilatlar, xüsusilə universitetlər, qanunvericilik, inzibati sahədə çalışan əməkdaşlar, həmçinin hüquq elmi və hüququn müxtəlif sahələri üzrə araşdırmalar aparan tədqiqatçılar, ali məktəb müəllimləri üçün dərs vəsaiti və mühüm mənbə hesab oluna bilər. Həmçinin dissertantlar, tələbələr, fəlsəfi-hüquqi araşdırma mərkəzləri, fəlsəfə və hüquq tədrisi ilə məşğul olan mütəxəssislər üçün faydalı hesab oluna bilər. Bundan əlavə, mövzu ilə bağlı müstəqil araşdırmalar, təhlillər aparan tədqiqatçılar üçün əhəmiyyət kəsb edə bilər. Monoqrafiya gələcəkdə bu aspektdə hazırkı mövzular ətrafında araşdırma aparan tədqiqatçılara müəyyən istiqamət verə bilər və yeni əsərlərin yazılması üçün zəmin yarada bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.