Avropada yaşayan azərbaycanlılar arasında milli kimliyin qorunması və mədəni dəyərlərin nəsillərarası ötürülməsi, yerli cəmiyyətə adaptasiya və inteqrasiya məsələlərinin öyrənilməsi məqsədilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimlinin Avstriyaya elmi-tədqiqat səfəri həyata keçirilmişdir.
Səfər Donau Universitetinin (Donau-Universität Krems) Miqrasiya və Qloballaşma Departamentinin rəhbəri, professor Gudrun Bifflin dəvəti əsasında baş tutmuşdur.
Səfər çərçivəsində mədəniyyətin nəsillərarası ötürülməsi və kimlik, sosial-mədəni adaptasiya və inteqrasiya mövzusunda araşdırma aparılmışdır. Tədqiqat zamanı milli-mədəni kimliyin qorunması, ailə daxilində dilin, adət-ənənələrin və mədəni dəyərlərin gənc nəslə ötürülməsi, ikinci nəsil miqrantların yerli cəmiyyətə adaptasiya və inteqrasiya məsələləri öyrənilmişdir.
Elmi səfər müddətində professor Gudrun Biffl və universitetin müvafiq sahə üzrə mütəxəssisləri ilə görüşlər keçirilmiş, tədqiqatın nəzəri və metodoloji istiqamətləri ətrafında fikir mübadiləsi aparılmışdır. Bu səfər beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, Avropada yaşayan azərbaycanlıların sosial-mədəni həyatının daha yaxından araşdırılması və gələcək birgə tədqiqat imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Səfər müddətində uyğun statistik materiallar əldə edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.