Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII–XIV əsrlər)" monoqrafiyası çapdan çıxıb
07.10.2026 15:10
  • A-
  • A
  • A+

"Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII–XIV əsrlər)" monoqrafiyası çapdan çıxıb

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının qərarı ilə "Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII–XIV əsrlər)" monoqrafiyası işıq üzü görüb.

Nəşrin müəllifləri Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin müdiri t.e.d., prof. Məryəm Seyidbəyli, t.ü.f.d. Bayram Quliyev, Elxan Quliyev, h.ü.e.d. Zaur Məmmədov, Solmaz Namazova, Röya Mirzəbəyova və Novruz Nuriyevdir.

Monoqrafiyanın rəyçisi və elmi redaktoru akademik Nərgiz Axundova, redaktoru Aynurə Kərimovadır.

Tədqiqat əsərinin "Monqol dövrü tarixşünaslığının başlıca problemləri və təsviri" adlı birinci hissəsi t.ü.f.d. Bayram Quliyev, "Monqol imperiyası dövründə Azərbaycanda elm və mədəniyyət (XIII-XIV əsrlər)" adlı ikinci hissəsi professor, t.e.d. Məryəm Seyidbəyli, "Monqol istilaları ərəfəsində və Elxanilər dövründə Azərbaycanda sosial-mənəvi həyat" adlı üçüncü hissəsi Elxan Quliyev, "Monqol imperiyası dövründə Azərbaycanda hüquq sistemi" adlı dördüncü hissəsi h.ü.e.d. Zaur Məmmədov, "Monqol imperiyası dövrünün yazıları" adlı beşinci hissəsi Solmaz Namazova, "Monqol imperiyası dövründə İpək yolu və ticarət" adlı altıncı hissəsi Röya Mirzəbəyova, "Monqol istilaları dövründə Azərbaycanın ərəb və fars mənbələrində təsviri" adlı yeddinci hissəsi Novruz Nuriyev tərəfindən hazırlanıb.

Monoqrafiyada Monqol imperiyası dövründə Azərbaycanda elm və mədəniyyət, hüquq sistemi, monqol istilaları dövründə mənəvi həyat, eləcə də digər mühüm tarixşünaslıq məsələləri geniş şəkildə araşdırılıb. Həmçinin XIII əsrdə Azərbaycanda baş verən etnik proseslər və dini görüşlər, Monqol imperiyası dövrünün yazıları, bu dövrün Azərbaycan iqtisadiyyatının tarixi vəziyyəti (Böyük İpək yolu və ticarət), habelə monqol istilalarına dair ərəb və farsdilli tarixi qaynaqların Azərbaycan tarixşünaslığındakı əhəmiyyəti də təhlil edilib. Monoqrafiyanın tərtibi zamanı orta əsrlər dövrü əlyazma qaynaqları və müxtəlif dillərdə mövcud olan qədim və müasir mənbələrdən geniş istifadə olunub. 

Bu monoqrafiya Azərbaycan və Şərq tarixşünaslığı ilə məşğul olan mütəxəssislər və tarixin tədrisini həyata keçirən elmi müəssisələr tərəfindən elmi mənbə olaraq istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: