Hüseyn Cavidin Ev Muzeyində "Carçı ekspress" jurnalının Hüseyn Cavidə həsr olunmuş sayının (yenilənmiş ikinci nəşr) təqdimatı və müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktor müavini Lalə Əliyeva açaraq belə görüşlərin Hüseyn Cavidin yalnız ədəbiyyat tariximizin görkəmli nümayəndəsi kimi deyil, həm də ümumbəşəri ideyaların, mənəvi dəyərlərin və humanist düşüncənin daşıyıcısı kimi tanıdılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra jurnalın baş redaktoru Sərxan Carçı, fəlsəfə ü.f.d. Mətanət Şəkixanova, fil.ü.f.d., dosent Məlahət Babayeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəsti Əlibəyli, Azərbaycan yazıçısı, publisist Həmid Herisçi, fil.ü.f.d. Sədrəddin Hüseyn, Azərbaycan Respublikasının Xalq artisti Eyyub Yaqubov Hüseyn Cavid yaradıcılığının müxtəlif aspektlərinə yenidən nəzər salaraq, böyük mütəfəkkirin ədəbi-fəlsəfi düşüncəsinin müasir dövrdə aktuallığını diqqətə çatdırmışlar.
Cavid irsinin təbliğinə töhfə verən jurnalın Hüseyn Cavidə həsr edilmiş nəşrinin əhəmiyyəti, onun yaradıcılığının tədqiqi və ədəbi irsinin geniş oxucu auditoriyasına çatdırılması məsələləri ətrafında fikir mübadiləsi aparan qonaqlar sonda muzeyin ekspozisiyası ilə tanış oldular.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.