Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır
08.10.2026 14:48
  • A-
  • A
  • A+

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

2026-cı il kimya üzrə Nobel mükafatının Henri Kagan və Kenso Soaiyə verilməsi asimmetrik üzvi sintez, qeyri-xətti effektlər və avtokataliz sahəsində əldə olunan elmi nəticələrin əhəmiyyətini bir daha nümayiş etdirib. Bu tədqiqatlar həm həyatın mənşəyinin öyrənilməsi, həm də daha təhlükəsiz və effektiv dərmanların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri müsahibəsində Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev bildirib. O qeyd edib ki, Henri Kagan və Kenso Soainin asimmetrik üzvi sintez, qeyri-xətti effektlər və avtokataliz sahəsindəki tədqiqatları molekulyar asimmetriyanın, yəni homoxirallığın öyrənilməsində mühüm mərhələdir. DNT, RNT və amin turşuları kimi həyat üçün vacib molekullar müəyyən xiral formaya malikdir. Canlı orqanizmlər bu molekulların formalaşmasını fermentlər vasitəsilə yüksək dəqiqliklə həyata keçirirlər. Nobel mükafatçılarının tədqiqatları isə laboratoriya şəraitində bu proseslərin mexanizmlərinin öyrənilməsinə və asimmetrik molekulların məqsədyönlü alınmasına yeni imkanlar yaradıb.

Asimmetrik sintezin praktiki əhəmiyyətindən danışan alim bildirib ki, xiral molekulların biri digərinin güzgü əksi olan iki forması – enantiomerləri mövcuddur. Onlar fiziki və kimyəvi baxımdan bir-birinə çox oxşar olsalar da, canlı orqanizmdə tamamilə fərqli təsir göstərə bilirlər.

Bunun ən məşhur nümunələrindən biri “Talidomid faciəsi”dir. Dərmanın bir forması müalicəvi təsir göstərdiyi halda, digər forması ağır anadangəlmə qüsurlara səbəb olmuşdu. Bu hadisə dərmanların hazırlanmasında düzgün molekulyar formanın seçilməsinin nə qədər vacib olduğunu göstərir.

Kagan və Soainin tədqiqatları kimyaçılara reaksiyaları daha dəqiq idarə etməyə və tələb olunan enantiomerin üstünlük təşkil etdiyi məhsullar əldə etməyə imkan verir. Bu isə daha təhlükəsiz və effektiv dərmanların hazırlanması üçün mühüm elmi əsas yaradır.

Ə.Sucayev Nobel kəşflərinin həyatın mənşəyinin öyrənilməsi baxımından əhəmiyyətini də qeyd edib: “Yer üzündəki canlı orqanizmlərin müəyyən molekulların yalnız bir xiral formasından istifadə etməsi elm üçün uzun müddətdir açıq qalan suallardandır. Buna homoxirallıq deyilir.

Kagan və Soainin tədqiqatları qeyri-xətti effektlər və avtokatalitik proseslər vasitəsilə müəyyən xiral molekulların spontan şəkildə üstünlük qazana bilməsinin mexanizmlərini anlamağa imkan verir. Bu nəticələr həyatın ilkin molekulyar əsaslarının necə formalaşması ilə bağlı fundamental sualların araşdırılmasında mühüm əhəmiyyət daşıyır”.

Azərbaycanda da asimmetrik sintez istiqamətində tədqiqatlar aparıldığını deyən alim qeyd edib ki, Azərbaycan Texniki Universitetinin professoru Güləhməd Talıbovun, həmçinin Bakı Dövlət Universitetinin professoru olmuş mərhum İdris Əhmədovun bu istiqamətdə mühüm elmi araşdırmaları olub: “Hesab edirəm ki, Nobel mükafatçıların əldə etdiyi nəticələr Azərbaycanda üzvi kimya, kataliz və dərman maddələrinin sintezi istiqamətində aparılan tədqiqatlar üçün də yeni perspektivlər yarada bilər”.

O, Kenso Soainin avtokataliz üzrə tədqiqatlarının özəlliyindən də bəhs edib: “Avtokatalizin əsas xüsusiyyəti ondan ibarətdir ki, reaksiya zamanı yaranan məhsulun özü həmin reaksiyanı sürətləndirən katalizator rolunu oynaya bilir. Beləliklə, proses müəyyən mənada özünü gücləndirən zəncirvari xarakter alır.

Bu mexanizmlərin öyrənilməsi yalnız müasir üzvi kimya və əczaçılıq üçün deyil, həm də canlılığın ilkin mərhələlərində molekulların necə seçildiyi və çoxaldığı barədə təsəvvürlərin formalaşması baxımından böyük elmi əhəmiyyət daşıyır”.

AzərTac

  • Paylaş: