Akif Əli oğlu Nərimanov Azərbaycan neft-qaz sənayesinin və geologiya elminin inkişafına mühüm töhfələr vermiş, ölkənin zəngin neft-qaz potensialının öyrənilməsi və mənimsənilməsi istiqamətində uzun illər səmərəli elmi və istehsalat fəaliyyəti göstərmiş görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, professor Respublikanın əməkdar mühəndisi, yüksək ixtisaslı neft geoloqu və tanınmış istehsalat mütəxəssisidir.
O, Azərbaycan neft-qaz geologiyasının ən mühüm istiqamətlərindən biri olan Cənubi Xəzər hövzəsinin tədqiqi sahəsində xüsusi xidmətləri ilə seçilmişdir. Alimin çoxillik istehsalat və elmi fəaliyyəti neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı, karbohidrogen ehtiyatlarının elmi əsaslarla qiymətləndirilməsi, perspektiv strukturların müəyyənləşdirilməsi və yataqların səmərəli işlənməsi məsələlərinin həllinə yönəlmişdir. Onun bu istiqamətdə apardığı tədqiqatlar Cənubi Xəzərin mürəkkəb geoloji quruluşunun və neft-qazlılıq potensialının daha dərindən öyrənilməsinə, eləcə də Azərbaycanın neft sənayesinin elmi-texniki bazasının möhkəmləndirilməsinə, geoloji biliklərin zənginləşdirilməsi və milli neft geologiyası məktəbinin formalaşmasına mühüm töhfə vermişdir.
Akif Nərimanov 10 oktyabr 1946-cı il tarixində Gəncə şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, geoloji-kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-geoloqu ixtisası üzrə bitirib.
Onun əmək fəaliyyəti hələ təhsil aldığı dövrdə, 1968-ci ildən başlayıb. O, neft sənayesində fəaliyyətinə neft hasilatı üzrə operator kimi əfsanəvi Neft Daşları yatağında başlamış, qazma sahəsində qazmaçı köməkçisi kimi davam etmiş və sonrakı onilliklər ərzində müxtəlif istehsalat və rəhbər vəzifələrdə çalışaraq yüksəlib.
Akif Nərimanovun peşəkar fəaliyyətinin böyük hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
(SOCAR) ilə bağlı olub. Müxtəlif illərdə qazma, neft hasilatı və geoloji-kəşfiyyat sahələrində işləyib.
O,"Kaspmorneft" və "Azneft" istehsalat birliklərində geologiya üzrə rəhbər vəzifələrdə çalışıb, daha sonra "Azneft" İstehsalat Birliyinin baş geoloqu və baş direktorun geologiya üzrə müavini olub. Sonrakı mərhələdə SOCAR-ın Strateji İnkişaf üzrə vitse-prezidentinin müşaviri vəzifəsində çalışıb.
Onun fəaliyyətinin mühüm istiqamətlərindən biri Azərbaycanın həm quruda, həm də dənizdə neft-qaz potensialının qiymətləndirilməsi və yeni yataqların axtarışı olub.
Akif Nərimanovun iştirakı ilə Xəzər dənizində bir sıra yataqlar kəşf olunub, o cümlədən Günəşli, Çıraq, Azəri, 8 Mart, Ələt-dəniz və s.
Akif Nərimanov müxtəlif dövrlərdə Azərbaycanın neft-qaz ehtiyatlarının öyrənilməsi və yataqların qiymətləndirilməsi üzrə beynəlxalq şirkətlərlə, o cümlədən AMOCO, Mobil, BP, Exxon, Statoil, Chevron, Conoco, Unocal və Total şirkətləri ilə birgə layihələrdə qrup rəhbəri kimi iştirak edib. Bu layihələr çərçivəsində neft-qaz ehtiyatlarının qiymətləndirilməsi, Azəri, Çıraq, Günəşli, Şah-dəniz kimi yataqların geoloji modelləşdirilməsi və işlənmə perspektivlərinin araşdırılması aparılıb.
Onun istehsalat fəaliyyətində başqa mühüm istiqamət Azərbaycanda uzun müddət istismar olunan köhnə neft yataqlarının bərpası və hasilatın artırılması olub. 1992-ci ildə onun rəhbərliyi ilə quruda köhnə neft yataqlarının bərpasına yönəlmiş xüsusi proqram hazırlanıb. Bu proqram, uzun müddət istismar olunan yataqlarda hasilatın yenidən artırılması üçün geoloji və texniki tədbirlərin sistemləşdirilməsini nəzərdə tuturdu. O, həmçinin qaz hasilatının artırılması proqramının hazırlanmasında da iştirak edib. Belə ki, 2006-cı ildə onun hazırladığı ikiillik tədbirlər proqramının məqsədi SOCAR-ın qaz hasilatının əhəmiyyətli dərəcədə artırılması idi. Proqram çərçivəsində Günəşli, Bulla-dəniz, 8 Mart və Bahar kimi yataqlarda yeni qaz quyularının qazılması və digər tədbirlər nəzərdə tutulmuşdur. ki, nəticədə ölkəmiz xaricdən təbii qaz alışından imtina edə bilmişdir.
İstehsalat fəaliyyətində qazandığı zəngin praktiki təcrübəni dərin elmi biliklərlə vəhdətdə inkişaf etdirən Akif Nərimanov uzun illər ərzində yorulmaz və məhsuldar elmi fəaliyyət göstərərək Azərbaycan neft-qaz geologiyası elminin inkişafına misilsiz töhfələr vermiş, öz fundamental araşdırmaları, elmi əsərləri və zəngin peşəkar irsi ilə milli geologiya elminin tarixində layiqli və mötəbər yer tutmuşdur.
Onun elmi fəaliyyətinin ən mühüm mövzulardan biri Cənubi Xəzər hövzəsinin neft-qaz yataqlarının formalaşması məsələsidir. 1980-ci illərdən başlayaraq bu istiqamətdə sistemli tədqiqatlar aparıb. Onun hazırladığı konsepsiyada neft-qaz yataqlarının yaranma mexanizmləri, müxtəlif tipli geoloji tələlərin formalaşma vaxtı, neftin yaranması və miqrasiyası kimi məsələlər araşdırılıb.
Cənubi Xəzər hövzəsində dərində yatan horizontların neft-qazlılıq perspektivlərinin elmi əsaslandırılması istiqamətində Akif Nərimanovun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Onun bu tədqiqatlarının nəticələri 1984-cü ildə XXVII Dünya Geoloji Konqresində məruzə edilib və geniş müzakirəyə səbəb olmuş və SSRİ Elmlər Akademiyası sistemində həmin ilin ən yaxşı elmi işləri siyahısına daxil edilmişdir.
Bu dərin araşdırmaların nəticəsi olaraq, o, 1983-cü ildə geologiya-mineralogiya üzrə "Cənubi Xəzərin qərb şelfində neft və qaz yataqlarının formalaşması (axtarış işlərinin perspektivli istiqamətlərinin müəyyənləşdirilməsi ilə əlaqədar)" mövzusunda elmlər namizədliyi dissertasiyasını, 1990-cı ildə "Dərin çöküntülərin neft-qazlılığının geoloji əsasları (Cənubi Xəzər çökəkliyi timsalında)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Onun elmi əsərləri Azərbaycanla yanaşı beynəlxalq elmi nəşrlərdə də dərc olunub. O, AAPG və EAGE kimi beynəlxalq təşkilatların tədbirlərində çoxsaylı məruzələrlə çıxış edib. 2014-cü ildə Akif Nərimanovun həmmüəllifliyi ilə Azərbaycanın neft geologiyasının tarixinə həsr olunmuş "Prometeydən bu günə qədər: Azərbaycanda neft geologiyasının yaranması və inkişafı tarixi" adlı kitabı nəşr edilib. Bu fəaliyyəti nəticəsində o, Cənubi Xəzər hövzəsinin neft-qaz geologiyası üzrə tanınmış mütəxəssis kimi ölkəmizdə və beynəlxalq elmi dairələrdə də tanınıb. O, uzun illərdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olaraq peşəkar elmi kadrların hazırlanmasında iştirak edir.
Akif Nərimanovun elm sahəsindəki fəaliyyətinin başqa bir istiqaməti "Azərbaycan Geoloqu" elmi bülleteni ilə bağlıdır. O, 2014-cü ildən nəşrin baş redaktorudur.
Çoxşaxəli istehsalat və elmi fəaliyyəti ilə yanaşı, Akif Nərimanov 18 il ərzində əvəzçilik əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində professor kimi pedaqoji fəaliyyət göstərmiş, zəngin elmi və istehsalat təcrübəsini gənc nəslə ötürərək müxtəlif geoloji fənləri tədris etmişdir.
Akif Nərimanovun peşəkar, elmi və ictimai fəaliyyəti yalnız ölkə miqyası ilə məhdudlaşmamış, onun təşəbbüsləri Azərbaycanın neft-qaz geologiyası sahəsində beynəlxalq əməkdaşlığın inkişafına da xidmət etmişdir. AAPG təşkilatının fəal üzvü olaraq, o, 1990-cı illərdə Azərbaycanda neft geoloqlarının peşəkar təşkilatlanmasında mühüm rol oynayıb və Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin yaradılmasının təşəbbüskarlarından və qurucularından biri olub və uzun müddət təşkilata rəhbərlik edib. Eyni zamanda Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyası (EAGE) ilə də fəal əməkdaşlıq edib və onun Azərbaycan bölməsinin inkişafında iştirak edib.
Akif Nərimanovun fəaliyyəti yalnız elm və dövlət neft şirkəti ilə məhdudlaşmayıb. O, Azərbaycanın neft xidmətləri sektorunda beynəlxalq şirkətlərlə müştərək müəssisələrin yaradılmasında da iştirak edib. Onun təşəbbüsü ilə 1995-ci ildə SOCAR və Hollandiyanın Fugro şirkəti ilə "Azəri-Fuqro"; 1999-cu ildə Schlumberger ilə "Azlab"; 2005-ci ildə ABŞ-ın Target şirkəti və Siemens ilə "Oil & Gas ProServ" müştərək müəssisələri yaradılmışdır. Akif Nərimanov, bu müəssisələrin direktorlar şuralarına rəhbərlik edib.
Zəngin istehsalat, elmi və ictimai fəaliyyətinə görə Akif Nərimanov müxtəlif elmi və peşəkar təltiflərə layiq görülüb, o cümlədən Azərbaycan Respublikasının "Əməkdar Mühəndisi" fəxri adına və Prezident təqaüdünə; Ukrayna Geoloqlar Komitəsinin qızıl medalına, AAPG Special Award mükafatına. AAPG-nin xüsusi mükafatı onun neft geologiyasına, xüsusilə Cənubi Xəzər hövzəsinin öyrənilməsinə, Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin yaradılmasına və gənc geoloqların inkişafına töhfələri ilə əlaqəlidir.
O, həmçinin Rusiya Təbii Elmlər Akademiyasının və Avropa Akademiyasının üzvüdür.
Zəngin elmi irsini və çoxillik peşəkar təcrübəsini böyük əzmlə davam etdirən Akif Nərimanov elmi və ictimai fəaliyyətini uğurla sürdürür, Azərbaycan neft geologiyası elminin və neft sənayesinin inkişafına öz dəyərli töhfələrini verməkdə davam edir. Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin İdarə Heyətinin sədri kimi o, gənc geoloqların peşəkar inkişafına, onların müasir elmi biliklərə yiyələnməsinə və milli geologiya məktəbinin ənənələrinin layiqincə davam etdirilməsinə xüsusi diqqət və qayğı göstərir.
Akif müəllimin zəngin həyat yolu, çoxillik elmi və istehsalat fəaliyyəti, Azərbaycan neft geologiyasının inkişafına verdiyi töhfələr və gənc nəslin yetişdirilməsində göstərdiyi fədakar xidmətlər böyük ehtiram və minnətdarlıq doğurur.
Akif Əli oğlu Nərimanovu 80 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, gələcək fəaliyyətində uğurlar və doğma Azərbaycan neft geologiyasının inkişafı naminə qarşıdakı illərdə də uğurlar arzulayırıq!
Arzu CAVADOVA, SOCAR-ın vitse-prezidenti, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.