Azərbaycanın müxtəlif beynəlxalq və regional təşkilatlarda sədrlik funksiyalarını həyata keçirməsi ölkənin çoxtərəfli diplomatiyasının inkişafı baxımından əhəmiyyətlidir.
Bu fikri açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə söyləyib. Alim bildirib ki, Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra beynəlxalq münasibətlər sistemində rolunun artması ölkə qarşısında həm yeni imkanlar, həm də əlavə məsuliyyət yaradır.
Onun sözlərinə görə, MDB-yə sədrlik Azərbaycanın təşkilat çərçivəsində dövlətlərarası münasibətlərə təsir imkanlarının genişlənməsi baxımından əhəmiyyət daşıyır. Təşkilatda Mərkəzi Asiya dövlətlərinin də təmsil olunması həmin ölkələrlə əlaqələrin inkişafını xüsusi aktuallaşdırır. Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə münasibətlər həm iqtisadi, həm də humanitar baxımdan vacibdir. Bu əlaqələrin genişləndirilməsi regional əməkdaşlığın inkişafına, qarşılıqlı maraqların uzlaşdırılmasına və yeni tərəfdaşlıq imkanlarının yaranmasına töhfə verə bilər.
Professor vurğulayıb ki, Azərbaycanın müxtəlif beynəlxalq platformalarda iştirakı və sədrlik perspektivləri yalnız diplomatik tədbirlərlə məhdudlaşmır. Bu proseslər ölkənin tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, dövlətlər arasında dialoqun gücləndirilməsi və ortaq maraqlar əsasında əməkdaşlığın inkişafı üçün də imkanlar yaradır. Azərbaycanın MDB, Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü kimi platformalar çərçivəsində fəaliyyəti müxtəlif regional istiqamətlər arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir. Bu formatlarda əməkdaşlığın genişləndirilməsi iqtisadi, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə qarşılıqlı fəaliyyət üçün yeni imkanlar aça bilər.
İ.Məmmədzadə Azərbaycanın qarşıdakı illərdə beynəlxalq təşkilatlarda sədrlik və mühüm tədbirlərə ev sahibliyi imkanlarından istifadəsinin konkret nəticələrə yönəlməsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, belə fəaliyyətin əhəmiyyəti irəli sürülən təşəbbüslərin, əldə olunan razılaşmaların və inkişaf etdirilən tərəfdaşlıq əlaqələrinin nəticələri ilə də ölçülür. Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı ölkənin müxtəlif dövlətlərlə əlaqələrinin genişləndirilməsi və çoxtərəfli əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.