Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar
12.10.2026 10:48
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və baş elmi işçi, dosent Fərqanə Abdullayeva Stenford Universiteti tərəfindən hazırlanan süni intellekt sahəsində dünyanın ən yaxşı 2 faiz aliminin reytinq siyahısına ("World's Top 2% Scientists") daxil ediliblər.

Tanınmış azərbaycanlı alimlər elmi uğurlarına və əsərlərinə edilmiş istinadların sayına görə 517 min 648 mütəxəssis arasından seçiliblər.

Ramiz Alıquliyev artıq 7-ci ildir ki, bu reytinq siyahısında yer alır. Alim ilk dəfə 2020-ci ildə bu qiymətləndirmənin "birillik" (single-year) təsir siyahısında təmsil olunub. O, 2021-ci, 2022-ci və 2023-cü illərdə həm "birillik", həm də "karyera" (career) təsiri siyahısına daxil edilib. R.Alıquliyev uğurlu elmi fəaliyyətini davam etdirərək 2024-cü, 2025-ci və 2026-cı illərdə də dünya alimlərinin “karyera” təsiri reytinqindəki mövqeyini inamla saxlayıb.

Fərqanə Abdullayeva isə ötən il olduğu kimi, bu il də dünyanın ən yaxşı 2 faiz aliminin "birillik" təsir siyahısında yer almağa müvəffəq olub. Qeyd edək ki, "birillik" təsir siyahısı alimlərin yalnız son bir il (qiymətləndirmə ilində) ərzindəki elmi fəaliyyətini və nüfuzunu ölçür. Burada əsas məqsəd alimin qiymətləndirmə ilində nə dərəcədə aktiv olduğunu və onun elmi işlərinə olan diqqəti (istinad dinamikasını) göstərməkdir. "Karyera" təsir siyahısı isə alimin bütün elmi fəaliyyəti boyunca (ilk gündən sonuncu qiymətləndirmə ilinə qədər) topladığı elmi nəticələri qiymətləndirir. İllərlə toplanmış zəngin təcrübə və davamlı istinad bazası tələb etdiyi üçün bu siyahıya düşmək yüksək akademik sabitlik göstəricisi hesab olunur.

Hər iki siyahı tərtib olunarkən alimlər sadəcə istinad sayına görə sıralanmır. Özünə istinadlar və ya qarşılıqlı istinad qrupları vasitəsilə süni artımların qarşısını almaq üçün 6 əsas parametrdən (ümumi istinadlar, H-indeksi, çoxmüəllifliyi nəzərə alan H-indeksi, tək, birinci və sonuncu müəllifli məqalələrə istinadlar) ibarət kompozit göstəricidən istifadə olunur. Dünyada 22 əsas elmi sahə və 174 alt-sahə üzrə bu göstəriciyə görə ən yüksək 2 faizlik nəticə göstərən alimlər reytinqə daxil edilir.

Qeyd edək ki, "Elsevier" nəşriyyatının təqdim etdiyi və Stenford Universitetinin alimləri tərəfindən hazırlanan bu beynəlxalq reytinq siyahısı "Scopus" elmi bazasında yer alan tədqiqatçıların elmmetrik göstəriciləri əsasında tərtib olunur.

AzərTac

  • Paylaş: