AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asim Cənnətov və elmi işçi Röya Mirzəbəyovanın həmmüəllifi olduqları “İpək Yolu və Orta Dəhliz: Avrasiya üçün enerji və tranzit imkanları” adlı məqalə Macarıstanın Web of Science bazasında indeksləşdirilən “Modern Geografia” jurnalında dərc olunub.
Məqalədə Çindən Avropaya uzanan Yeni Dəmir İpək Yolunun mühüm hissəsini təşkil edən Orta Dəhlizin Avrasiya məkanında yaratdığı enerji və tranzit imkanları ətraflı şəkildə araşdırılır. Tədqiqatda Dəmir İpək Yolunun iştirakçı ölkələrin sosial-iqtisadi inkişafı üçün yaratdığı yeni imkanlar, müasir logistika sistemində beynəlxalq nəqliyyat dəhlizlərinin rolu və əhəmiyyəti təhlil edilir.
Məqalədə, həmçinin Azərbaycanın Şərq-Qərb nəqliyyat əlaqələrində mühüm tranzit ölkə kimi mövqeyi və rolu xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycanın Orta Dəhlizin inkişafında iştirakı, ölkənin enerji və nəqliyyat infrastrukturu, eləcə də Zəngəzur dəhlizinin regional sahədə əhəmiyyəti məsələlərinə toxunulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.