Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti
12.10.2026 14:47
  • A-
  • A
  • A+

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

Təhsil yalnız bilik qazanmaq və peşə sahibi olmaq deyil, həm də insanın dünyagörüşünün formalaşması, müstəqil düşünmək və doğru ilə yanlışı fərqləndirmək bacarığının inkişafıdır. Azərbaycan tarixində XIX əsrin ortalarından etibarən güclənən maarifçilik hərəkatı milli özünüdərkin, ictimai fikrin və dövlətçilik ideyalarının formalaşmasında mühüm rol oynayıb. Müasir Azərbaycanın sivil və demokratik dəyərləri də bu maarifçilik ənənələri ilə sıx bağlıdır.

Bu fikirləri AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev ümumtəhsil məktəblərində vahid geyim qaydaları, dünyəvi təhsil prinsipləri və milli-mənəvi dəyərlərin qorunması məsələlərinə münasibət bildirərkən deyib.

Alim qeyd edib ki, XIX əsrin ortalarından Azərbaycanda inkişaf edən maarifçilik hərəkatı cəmiyyətin dünyagörüşünün genişlənməsinə, milli kimliyin möhkəmlənməsinə və müasir dövlətçilik düşüncəsinin formalaşmasına ciddi təsir göstərib. O bildirib ki, məktəb yalnız bilik verilən məkan deyil, eyni zamanda, şəxsiyyətin formalaşdığı, davranış mədəniyyətinin və sosial məsuliyyət hissinin inkişaf etdiyi mühüm tərbiyə mühitidir. Bu mühitdə müəyyən edilmiş qaydaların məqsədi bütün şagirdlər üçün bərabər, aydın və vahid təhsil şəraitinin yaradılmasıdır.

Alimin fikrincə, vahid məktəbli geyimi şagirdlər arasında sosial və maddi fərqlərin zahiri görünüşdə qabardılmasının qarşısını almağa, bərabərlik və məktəbə aidiyyət hissini gücləndirməyə, intizamın qorunmasına və diqqətin təhsilə yönəldilməsinə kömək edə bilər.

O əlavə edib ki, müasir Azərbaycanın gələcəyi milli kimliyin, dilin və mədəni yaddaşın qorunması ilə yanaşı, elmi düşüncənin, təhsilin, özünüinkişafın və texnoloji tərəqqinin təşviqindən asılıdır. Cəmiyyəti irəli aparan əsas yol maarifçilik, qanunçuluq və qarşılıqlı hörmət əsasında ortaq yanaşmalar formalaşdırmaqdır.

AzərTac

  • Paylaş: