Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri
13.10.2026 11:06
  • A-
  • A
  • A+

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycan dünyəvilik, dini tolerantlıq və multikulturalizm prinsiplərinə önəm verilən, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə yaşadığı ölkədir. Bu dəyərlərin qorunması cəmiyyətin inkişafı, qarşılıqlı hörmət mühitinin formalaşması və ictimai həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun Türk Dilləri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Şəbnəm Həsənli-Qəribova deyib. O bildirib ki, məktəblərdə vahid geyim forması ilə bağlı qəbul edilmiş qərar ətrafında yaranan müzakirələrə məhz bu prinsiplər çərçivəsində yanaşılması vacibdir. Vahid məktəbli forması müxtəlif ölkələrin təhsil sistemlərində tətbiq olunan, məktəb mühitində nizam-intizamın, birlik və kollektivə mənsubiyyət hissinin gücləndirilməsinə, şagirdlər arasında sosial bərabərliyin təşviqinə yönələn vasitələrdən biridir. Bu baxımdan, qərarın məqsədlərini, hüquqi əsaslarını və təlim-tərbiyə prosesinə mümkün təsirlərini nəzərə almaq daha məqsədəuyğundur. Məktəb yalnız bilik verilən məkan deyil, həm də uşaqların şəxsiyyətinin, dünyagörüşünün, sosial davranışlarının və mənəvi dəyərlərinin formalaşdığı mühüm təhsil və tərbiyə mühitidir. Təlim və tərbiyənin vəhdətdə təşkili şagirdlərin yalnız intellektual inkişafına deyil, onların cəmiyyətə münasibətinin, məsuliyyət hissinin və qarşılıqlı hörmət prinsiplərinin formalaşmasına da xidmət edir. Bu baxımdan, məktəb mühitində müəyyən edilmiş qaydalar uşaqlarda nizam-intizamın, birgəyaşayış mədəniyyətinin və başqalarının hüquqlarına hörmətin təşviqində mühüm rol oynayır.

“Şagirdlərin ailələrinin sosial vəziyyətindən, maddi imkanlarından və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər hüquq və imkanlara malik olması təhsil mühitinin əsas prinsiplərindən biri kimi qorunmalıdır. Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında geyim və xarici görünüşlə bağlı fərqlərin ön plana çıxmasının qarşısını almağa, sosial müqayisələri azaltmağa və kollektivə mənsubiyyət hissini gücləndirməyə kömək edə bilər. Belə bir yanaşma uşaqların diqqətinin xarici görünüşə deyil, təhsilə, şəxsi inkişafa və biliklərin mənimsənilməsinə yönəldilməsi baxımından da əhəmiyyətlidir.

Dünyəvilik prinsipi təhsil müəssisələrində müxtəlif dini və dünyagörüşü fərqlərinə malik insanların bərabərhüquqlu iştirakını nəzərdə tutan mühüm yanaşmadır. Dövlət təhsil müəssisələrində təlim-tərbiyə prosesinin ümumi qaydalar və qanunvericiliyin tələbləri əsasında təşkili bütün şagirdlər üçün vahid və bərabər təhsil mühitinin formalaşdırılmasına xidmət edir. Bu zaman həm dünyəvi təhsil prinsiplərinin, həm də qarşılıqlı hörmət və tolerantlıq dəyərlərinin qorunması xüsusi əhəmiyyət daşıyır. Məktəbli qızların geyimi ilə bağlı məsələlərə də, ilk növbədə, təhsil mühitinin tələbləri, dünyəvilik prinsipləri və qanunvericiliyin müəyyən etdiyi çərçivə baxımından yanaşılması vacibdir. Bu məsələlərin müzakirəsi zamanı cəmiyyətdə qarşılıqlı anlaşmanın qorunması, fərqli yanaşmaların hörmət çərçivəsində qiymətləndirilməsi və qərarların mahiyyətinin düzgün izah edilməsi diqqətdə saxlanılmalıdır”, - deyə o qeyd edib.

Alim vurğulayıb ki, vahid geyim qaydalarının tətbiqi ilə bağlı maarifləndirmə işinin aparılması da mühüm əhəmiyyət daşıyır. Şagirdlərin və valideynlərin qəbul edilmiş qaydaların məqsədi, hüquqi əsasları və təhsil mühitində rolu barədə məlumatlandırılması mümkün anlaşılmazlıqların qarşısının alınmasına və cəmiyyətdə düzgün münasibətin formalaşmasına kömək edə bilər. Nəticə etibarilə qərarın əsas məqsədi məktəblərdə bütün uşaqların özlərini rahat, təhlükəsiz və bərabərhüquqlu hiss etdikləri sağlam təhsil mühitinin formalaşdırılmasıdır. Dünyəvilik, sosial bərabərlik və qarşılıqlı hörmət prinsiplərinin qorunması isə həm təhsil prosesinin səmərəli təşkili, həm də gələcək nəslin məsuliyyətli vətəndaşlar kimi yetişməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AzərTac

  • Paylaş: