8 oktyabr 2026-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Akademiklər zalında ustad Aşıq Hüseyn Saraclının anadan olmasının 110 illiyinə həsr olunmuş “Aşıq yaradıcılığı: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan aşıq sənətinin tarixi inkişafı, zəngin poetik-musiqi irsi və müasir tədqiqat istiqamətlərinin müzakirə olunduğu elmi tədbirin birinci bölmə iclasına AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, “Dədə Qorqud” elmi jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı sədrlik edib. İclasın sədr müavini filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova olub.
Professor Ramazan Qafarlı iclasda “Aşıq Hüseyn Saraclının lirik və epik yaradıcılığının semantik strukturu və semiotik-sinergetik sistemi” mövzusunda elmi məruzə ilə çıxış edib.
Məruzədə görkəmli sənətkarın yaradıcılığı müasir folklorşünaslıq, mədəni semiotika, mədəni yaddaş, performans nəzəriyyəsi və sinergetika metodologiyalarının qarşılıqlı əlaqəsi kontekstində təhlil olunub.
Məruzəçi “Borçalı”, “el”, “yurd”, “saz”, “yol”, “məhəbbət”, “dostluq”, “dağ” və “yaddaş” anlayışlarının Hüseyn Saraclı poeziyasında yalnız bədii obraz deyil, həm də mənəvi mənsubiyyəti, milli-mədəni identikliyi və kollektiv yaddaşı ifadə edən çoxqatlı semantik kodlar kimi fəaliyyət göstərdiyini əsaslandırıb. “Dünyada”, “Dağlarda”, “Olmaz-olmaz”, “Çəkər” və digər nümunələr əsasında məkanın, sazın və əxlaqi seçimlərin poetik məna sistemi araşdırılıb.
Təhlildə xüsusi yer saz, söz, səs, intonasiya, məclis və dinləyici arasındakı qarşılıqlı əlaqəyə ayrılıb. Qeyd olunub ki, aşıq yaradıcılığının bədii bütövlüyü təkcə yazılı mətn əsasında deyil, sözlə musiqinin, ifa ilə auditoriyanın, ənənə ilə fərdi improvizasiyanın vəhdətində öyrənilməlidir.
Məruzənin diqqətəlayiq istiqamətlərindən biri ustadın dastan ifaçılığında yaradıcı dəyişmə mexanizmlərinin şərhi olub. “Əsli və Kərəm” dastanının Saraçlı ifası ilə bağlı mənbələrdə təsvir edilən durna epizodu ənənəvi epik mətnin yeni bədii məna qazanmasına nümunə kimi təqdim edilib. Professor dastan ifasının hazır mətni təkrar etməkdən ibarət olmadığını, hər konkret ifada ənənəvi yaddaşın yenidən fəallaşdığını vurğulayıb.
Tədqiqatın əsas nəticəsi Hüseyn Saraclı yaradıcılığının “hiss – söz – saz – hərəkət – hadisə – dastan – yaddaş” əlaqəsi daxilində bütöv şəkildə izah olunmasıdır. Bu yanaşmaya görə, lirika insanın daxili duyğusunu ifadə edir, epika isə həmin duyğunu süjet, səfər, sınaq və hadisə sisteminə çevirir.
Yuri Lotmanın semiosfera, Yan Assmannın mədəni yaddaş, Riçard Baumanın performans, Albert Lordun şifahi-formul yaradıcılıq və Hermann Hakenin özünütəşkil konsepsiyalarına istinad edən tədqiqatda sənətkarın Azərbaycan aşıq ənənəsi daxilində yaradıcı yeniləşmə funksiyası önə çəkilib.
Beləliklə, məruzədə Aşıq Hüseyn Saraclı yalnız klassik dastanları qoruyub yaşadan ifaçı kimi deyil, onların dilini, emosional quruluşunu və ifa imkanlarını zənginləşdirən yaradıcı sənətkar kimi dəyərləndirilib. Təqdim olunan semiotik-sinergetik model aşıq sənətinin gələcəkdə folklorşünaslıq, mətnşünaslıq, musiqişünaslıq, narratologiya və mədəni yaddaş tədqiqatlarının kəsişməsində araşdırılmasına yeni imkanlar açır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.