Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir
13.10.2026 16:02
  • A-
  • A
  • A+

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışları nəzərə alınmaqla uğurla davam etdirilir. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərli təsirlərdən qorunmasının mühüm vasitələri kimi qeyd edib, milli dəyərlərin, ənənələrin və həyat tərzinin yaşadılmasının vacibliyinə diqqət çəkib. Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan kimi tanınıb. Bu ənənələr müasir dövrdə də qorunur, tolerantlıq və multikulturalizm cəmiyyətimizin səciyyəvi xüsusiyyətləri kimi çıxış edir.

Bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

O deyib ki, dövlət tərəfindən məscidlərin bərpasına, yeni ibadət ocaqlarının inşasına, tarixi-dini abidələrin qorunmasına göstərilən diqqət milli-mənəvi irsimizə münasibətin real ifadəsidir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası xalqımızın tarixi yaddaşının yaşadılması baxımından xüsusi məna daşıyır. Azərbaycanın dünyəvi dövlət modeli də məhz bu dəyərlərə hörmət, hüquq bərabərliyi və qanunun aliliyi prinsiplərinə əsaslanır: “Dünyəvilik dini inancların inkarı deyil, dövlət idarəçiliyinin və ictimai münasibətlərin hüquqi normalar əsasında tənzimlənməsidir. Hər bir vətəndaşın dini etiqad azadlığının qorunması ilə təhsil müəssisələrində müəyyən edilmiş ümumi qaydalara riayət olunması bir-birinə zidd anlayışlar deyil. Əsas məsələ hüquq və azadlıqların qanunvericiliyə uyğun təmin edilməsi, ictimai maraqlarla fərdi hüquqlar arasında tarazlığın qorunmasıdır”.

Əhliman Əmiraslanov vurğulayıb ki, bu il bu sahədə qəbul edilmiş normativ qərarlar vahid yanaşmanın hüquqi əsaslarını müəyyənləşdirib. Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi qərarla təhsilalanların geyim formalarına dair tələblərə dəyişiklik edilib, oktyabrın 6-da qəbul olunmuş qərarla isə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair tələblər təsdiqlənib. Bu normaların mahiyyəti məktəblərdə təşkilati qaydaların qorunması, təhsil mühitində vahid yanaşmanın təmin edilməsi və dünyəvi təhsil prinsipinə riayət olunması ilə bağlıdır.

“Məktəb yalnız bilik verilən məkan deyil, həm də uşaqların dünyagörüşünün, davranış mədəniyyətinin və vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir. Şagirdlər burada başqalarının hüquqlarına hörmət etməyi, birgə fəaliyyət göstərməyi, məsuliyyət daşımağı və cəmiyyətin qaydalarına riayət etməyi öyrənirlər. Vahid məktəbli forması şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir. Vahid məktəbli geyimi şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir. Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır. Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. O cümlədən müəllimlər üçün işgüzar geyim tələblərinin müəyyənləşdirilməsi isə məktəbdə peşəkar mühitin, pedaqoji nüfuzun və qarşılıqlı hörmətin qorunmasına yönəlib. Müəllimin görünüşü şagirdlərdə məktəb mühitinə, davranış mədəniyyətinə və peşəkar ünsiyyət normalarına münasibətin formalaşmasına təsir edən amillərdən biridir. Ümumiyyətlə, geyim kodeksinə riayət olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə töhfə verir. Bu baxımdan vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə dəstək verən vasitə kimi dəyərləndirilir. Buna görə də məktəbdaxili intizamın qorunması və bütün şagirdlər üçün bərabər şəraitin yaradılması təhsil prosesinin vacib şərtlərindəndir. Bildiyiniz kimi, ölkəmizdə yeniyetmələrin, gənclərin daha mükəmməl şəkildə təhsilə yiyələnmələri üçün dövlət tərəfindən hər cür şərait və imkanlar yaradılır. Xüsusilə qızlar üçün daha əlverişli bir şərait yaradılır ki, onlar təhsillərini davam etdirsinlər, cəmiyyətə daha geniş şəkildə inteqrasiya olunsunlar, həyatda özlərini bir şəxsiyyət kimi təsdiqləyə bilsinlər, ölkənin ictimai, siyasi, sosial həyatında fəal iştirakçıya çevrilsinlər. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir”, - deyə akademik diqqətə çatdırıb.

Əhliman Əmiraslanovun sözlərinə görə, bu baxımdan dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə yönəltmək cəhdləri yolverilməzdir: “Xarici maliyyə resursları və layihələr vasitəsilə ölkədə süni gərginlik yaratmağa, ictimai sabitliyi və asayişi pozmağa yönəlmiş təşəbbüslər xalqın həmrəyliyi, dövlətin qətiyyəti və cəmiyyətin ayıq-sayıqlığı qarşısında uğursuzluğa məhkumdur. Azərbaycan təhsili milli və dünyəvi dəyərlər əsasında formalaşıb. Məktəb və universitetlər siyasi intriqaların, xarici təsirlərin və radikal çağırışların meydanına çevrilməməlidir”.

AzərTac

  • Paylaş: