Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.05.2016 15:01
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq təlim kursu keçirilib

Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq təlim kursu keçirilib

AMEA Genetik Ehtiyatlar İnstitutunda Kyu Kral Botanika Bağlarının (London, Böyük Britaniya) təşkilatçılığı ilə "Mədəni bitkilərin yabanı əcdadlarına aid toxumlarının toplanması, işlənməsi və mühafizəsi metodları" adlı 5 günlük  beynəlxalq təlim kursu keçirilib.

Tədbir Bitki Genetik Müxtəlifliyi üzrə Qlobal Etimad Fondu tərəfindən maliyyələşdirilən və Azərbaycanda mədəni bitkilərin yabanı əcdadlarının toplanmasına həsr olunan beynəlxalq layihəyə dəstək məqsədilə təşkil edilib.

Təlim kursuna Kyu Kral Botanika Bağları, Milenium Toxum Genbankını təmsil edən üç təlimçi - Dr. Laura Jennings, Dr. Aisyah Faruk və Ms. Roberta Hope rəhbərlik edib.

Beynəlxalq tədbirdə institutun 16, Gürcüstan Respublikasının Botanika İnstitutunun və Milli Nəbatat Bağının 4 alim və mütəxəssisi mədəni bitkilərin yabanı əcdadlarının öyrənilməsi üzrə ekspedisiyaların hazırlanması, ən müasir metodlarla bitki nümunələrinin toplanılması, toxum nümunələrinin mühafizəsi, təmizlənməsi, sənədləşdirilməsi üzrə yeni biliklər əldə ediblər.

Təlimin bir günü Abşeron-Qobustan ərazilərində toplanma fəaliyyətləri üzrə praktiki məşğələlərə, həmçinin GİS (Coğrafi İnformasiya Sistemi) proqram təminatının öyrənilməsinə həsr olunub.

Bir həftə davam edən beynəlxalq təlim kursu gənc mütəxəssislərin lazımi bilik və bacarıqlara yiyələnmələri, müvafiq istiqamətlərdə təcrübə qazanmaları, həmçinin elmi əlaqələrini genişləndirmələri baxımdan faydalıdır.

Sonda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: