Türkiyənin İskəndərun şəhərində "20. Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konqresi / Sənət Tədbirləri" öz işinə başlayıb.
Tədbir AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadənin elmi irsinə və fəaliyyətinə həsr olunub. Konqresi Aydın Adnan Menderes Universitetinin Türk Sənəti və Mədəniyyəti Tətbiq və Araşdırma Mərkəzi, İskəndərun Texniki Universiteti və Azərbaycan Milli Tarix Muzeyi də daxil olmaqla bir sıra elm və mədəniyyət qurumu birgə təşkil edib. Proqrama görə, forumda Türkiyə, Azərbaycan, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Misir, Moldova (Qaqauziya), Özbəkistan, Qazaxıstan, Livan, Hindistan, İran, Rusiya (Tatarıstan daxil), Belarus, İtaliya, Ukrayna və Türkmənistandan alimlər iştirak edib. Sessiyalar həm əyani, həm onlayn formatda aparılıb.
Açılış mərasimi oktyabrın 12-də keçirilib. Konqres sədrlərinin və Azərbaycan, Türkiyə və xarici ölkə nümayəndə heyətləri adından çıxış edənlərin, bir neçə universitet rektorunun təbrikləri səslənib. Plaket təqdimatı və açılış konserti olub, ardınca türkiyəli alim Ahmet Aytaçın kuratorluğu ilə Beynəlxalq Plastik Sənətlər Sərgisi açılıb. Sərgidə Türkiyə və Azərbaycanla yanaşı Rumıniya, Kosovo, Hindistan, ABŞ, İndoneziya və digər ölkələrin rəssamları iştirak edib.
Açılış sessiyasının ilk məruzəçisi institutun rəqəmsal inkişaf üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev olub. Onun "Ərtegin Salamzadə və türkoloji sənətşünaslıq" mövzusunda məruzəsi alimin elmi yolunu bir ideyanın tədricən müstəqil elmi istiqamətə çevrilməsi kimi təqdim edib. Məruzəçi göstərib ki, Ə.Salamzadə Azərbaycan, Orta Asiya və Şərqi Avropa sənətini tədqiq etdiyi geniş sahələri zamanla vahid yanaşmada birləşdirib. Bu yanaşma "türkoloji sənətşünaslıq" anlayışına gətirib çıxarıb.
Məruzədə terminin ilk dəfə 2010-cu ildə Bakıda səsləndirildiyi, sonrakı illərdə elmi konfranslar silsiləsi və Astana (2013), Kazan (2014) tədbirləri vasitəsilə beynəlxalq elmi dövriyyəyə daxil olduğu vurğulanıb. Sahənin əsas problemləri kimi türk sənətinin dövrləşdirilməsi, ikonoqrafiyası, tipologiyası, ümumdünya sənət tarixi konsepsiyalarında türk bədii mədəniyyətinin yeri və metodologiya göstərilib. R.Quliyev alimin "Türk dünyasının dövlət rəmzləri", "Türk dünyası coğrafiyasında sənət" və "Türk dünyasının bədii şüurunda imperiya təfəkkürü" kimi tədqiqatlarını bu istiqamətin mərhələləri kimi şərh edib. Şəbəkə sənətinin tədqiqi isə ayrıca elmi xətt kimi qeyd olunub. Çıxışda həmçinin Ə.Salamzadənin 280-dən çox elmi işinin, beynəlxalq mükafatlarının və institutda "Türk sənəti tarixi və mədəni irsi" şöbəsinin yaradılmasının sahənin institusional təsdiqi olduğu bildirilib.
Konqresin 4-cü sessiyasında Ə.Salamzadənin "Azərbaycan və İranda türk şəbəkə sənəti" məruzəsi dinlənilib. Alim şəbəkəni ağac elementlərdən və rəngli şüşə parçalarından yapışqan, mismar işlətmədən yığılan dekorativ müstəvi kimi səciyyələndirib. Onun fikrincə, bu sənətin canlı ənənəsi yalnız Azərbaycanda və İranda qalıb, izlərinə isə Türkiyədə və Tatarıstanda, məsələn Kazan Rəssamlıq Məktəbinin vitrajlarında və ənənəvi rəngləri daşıyan taxta sandıqda rast gəlinir. İranda "orosi" adlanan pəncərə şəbəkələri istehsal texnologiyasına görə Azərbaycan nümunələrindən fərqlənmir. İran alimləri bu sənətin Səlcuq dövründə yarandığını və Səfəvilər dövründə zirvəyə çatdığını hesab edirlər.
Məruzədə Şirazdakı Nasir əl-Mülk məscidinin (1888) şəbəkələri geniş təhlil olunub. Alim altı guşəli quruluşları "Həyat çiçəyi" arxetipi ilə əlaqələndirərək məscidin interyerində işığın əsas bədii vasitə olduğunu göstərib. Gəncədəki Şah Abbas məscidinin (1606), İrəvandakı Sərdar sarayının və Şəki Xan sarayının şəbəkə kompozisiyaları ilə müqayisə vahid şəbəkə ənənəsi barədə nəticəyə gətirib. Bu ənənənin əsasında 4, 6, 8, 10, 12, 16, 32 rəqəm ardıcıllığı ilə ifadə olunan həndəsi kodlar durur. Alim şüşənin işığı həm buraxan (şəbəkə), həm əks etdirən (güzgü) xüsusiyyətini Səfəvi və Qacar imperiya memarlığında hakimiyyət və zamanın əbədiliyi ideyasının ifadəsi kimi şərh edib.
Sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva "İncəsənət və mədəniyyət problemləri" beynəlxalq elmi jurnalının türkoloji mövzulara həsr olunmuş nömrələrindən danışıb. Jurnal 2007-ci ildən indiki formatda çıxır və hazırda yeddi beynəlxalq indeksdə, o cümlədən "Copernicus" və Türkiyənin "DergiPark" bazasında yer alır. Redaksiya heyətinə Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan və Qazaxıstan alimləri başlanğıcdan daxil edilib.
Məruzəçi 2007-2025-ci illərdə tamamilə türkoloji mövzuya həsr olunmuş beş xüsusi nömrəni təhlil edib. Onlardan dördündə "Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər" konfranslarının (2010, 2011, 2013, 2023) materialları dərc olunub. 2012-ci il 4-cü nömrə isə qazaxıstanlı müəlliflərin üstünlüyü ilə seçilir. Burada milli musiqi mədəniyyəti, səhnə sənəti və Tenqrçilik ideyaları ətrafında tədqiqatlar toplanıb. R.Abdullayeva baş redaktor Ə.Salamzadənin rolunu iki aspektdə dəyərləndirib: materialların məzmunca seçilməsi və öz məqalələri ilə hər nömrənin elmi istiqamətini müəyyənləşdirməsi. O, alimin türk irsinin öyrənilməsi problemlərinə, türk dünyası sənətinin dövrləşdirilməsinə, Dədə Qorqud obrazına, atlı abidələrə və imperiya təfəkkürünə həsr etdiyi məqalələri xüsusi qeyd edib. Çıxışda 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın yüzillik yubileyi ərəfəsində jurnalın təcrübəsinin aktuallığı da vurğulanıb.
Proqramdan göründüyü kimi, hər üç alim konqresin elmi gedişatını da idarə edib. Ə.Salamzadə həm də konqresin sədrlərindən biri kimi açılışda çıxış edib,
Konqres oktyabrın 14-də Zeugma və Göbəkli Təpəyə ekskursiya ilə yekunlaşıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.