Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.10.2026 15:10
  • A-
  • A
  • A+

Mədəniyyət naziri XII Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın stendini ziyarət edib

Mədəniyyət naziri XII Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın stendini ziyarət edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində geniş elmi nəşrlər və informasiya resursları ilə təmsil olunur. Akademiyanın elmi potensialını, zəngin nəşriyyat irsini və müxtəlif tədqiqat istiqamətlərini əks etdirən stend sərginin ilk günündən ziyarətçilərin marağına səbəb olub.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli AMEA-nın stendini ziyarət edərək burada nümayiş olunan nəşrlərlə tanış olub. O, Akademiyanın beynəlxalq kitab sərgisində ənənəvi iştirakını yüksək qiymətləndirərək bu təşəbbüsdən məmnunluğunu ifadə edib.

Sərgi günlərində AMEA-nın stendi dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri, alimlər və ictimaiyyət nümayəndələri tərəfindən də ziyarət olunur. Təqdim edilən elmi və elmi-kütləvi nəşrlər Akademiyanın tədqiqat fəaliyyətinin, ölkənin elm və təhsil sahəsindəki nailiyyətlərinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

AMEA-nın sərgidə iştirakı elmi biliklərin yayılması, mütaliə mədəniyyətinin təşviqi, gənc nəslin intellektual inkişafının dəstəklənməsi və müasir informasiya mühitində elmi resurslara əlçatanlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sərgi çərçivəsində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli də Akademiyanın stendində nümayiş olunan nəşrlərlə tanış olub. O, elmi əsərlərin və digər nəşrlərin geniş oxucu auditoriyasına təqdim edilməsinin əhəmiyyətini vurğulayıb.

Akademik İsa Həbibbəyli elmi nəşrlərin təbliğinin tədqiqat nəticələrinin ictimaiyyətə çatdırılmasına, gənclərin elmə marağının artırılmasına və cəmiyyətdə mütaliə ənənələrinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini bildirib.

Qeyd edək ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan XII Bakı Beynəlxalq Kitab Sərgisində 32 xarici ölkədən 59 təşkilat, həmçinin 147 yerli nəşriyyat-poliqrafiya müəssisəsi və müvafiq qurum iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: