Türkiyənin İzmir şəhərində, Ege Universitetində Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş “Türk dünyasının müasirləşməsi IV: Türk dünyasında dil” adlı beynəlxalq simpozium keçirilib.
Türk dünyasının müxtəlif bölgələrini təmsil edən 11 ölkə və muxtar respublikadan çoxsaylı alim və tədqiqatçının qatıldığı simpoziumda ortaq dil, əlifba, milli kimlik və mədəni irs məsələləri müzakirə olunub. Tədbir türk dünyasında elmi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Simpoziumda AMEA Rəyasət Heyəti Aparatının əməkdaşı Əsgərova İlahə Şakir qızı da iştirak edib. İ.Əsgərova tanınmış türk folklorşünası, professor Metin Ekicinin rəhbərlik etdiyi paneldə “Qarabağ ərazisində yer adlarının folklorik semantikası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Qarabağ bölgəsindəki yer adlarının folklor nümunələrində əks olunması, onların mənaları, tarixi və mədəni əhəmiyyəti haqqında məlumat verilib. Həmçinin yer adlarının xalqın tarixi yaddaşının və milli-mədəni irsinin qorunmasındakı rolundan bəhs olunub.
Məruzə simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Simpoziumun son günündə keçirilən yekun dəyərləndirmə iclasında da çıxış edən İlahə Əsgərova tədbirin əhəmiyyətindən danışıb. O, simpoziumun Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, bu cür beynəlxalq elmi tədbirlərin türk dünyasının müxtəlif ölkələrindən olan alim və tədqiqatçılar arasında elmi və mədəni əlaqələrin möhkəmləndirilməsinə və elmi təcrübə mübadiləsinə mühüm töhfə verdiyini vurğulayıb.
Sonda İlahə Əsgərova simpoziumun təşkilatçısı, Ege Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili kafedrasının müdiri, dosent, doktor Yılmaz Özkayaya dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.