Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli: “Müasir dövrdə süni intellekt, rəqəmsallaşma və yeni texnologiyalar elmin inkişafına ciddi təsir göstərir”
23.10.2026 10:10
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: “Müasir dövrdə süni intellekt, rəqəmsallaşma və yeni texnologiyalar elmin inkişafına ciddi təsir göstərir”

Nobel mükafatlarına həsr olunan elmi məruzələr cəmiyyətin maarifləndirilməsi ilə yanaşı, Azərbaycan elminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında “2026-cı ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda aparılan müzakirələrdə deyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Akademiyada Nobel mükafatları mövzusuna həsr olunan tədbirlərin keçirilməsi artıq ənənə halını alıb və təqdim edilən məruzələr Nobel mükafatları haqqında məlumat verməklə kifayətlənmir, eyni zamanda müasir dünya elminin hansı istiqamətlərdə inkişaf etdiyini görməyə və elmimizin gələcək prioritetlərini bu meyillər əsasında müəyyənləşdirməyə töhfə verir.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, bu cür müzakirələr alimlərə öz tədqiqat sahələrinin inkişaf perspektivlərini müəyyənləşdirmək, beynəlxalq elmi təcrübədən yararlanmaq və yeni yanaşmaları araşdırmaq imkanı verir.

AMEA prezidenti dünya şöhrətli alim, Nobel mükafatı laureatı və Akademiyanın fəxri üzvü Əziz Səncərin elmi baxışların zənginləşdirilməsindəki rolunu yüksək qiymətləndirib. AMEA rəhbəri bildirib ki, 2024-cü ildə Akademiyada keçirilən “Əziz Səncər həftəsi” çərçivəsində təşkil olunan tədbirlər və alimin Rəyasət Heyətində Azərbaycan alimləri qarşısında təqdim etdiyi məruzə müasir dünya elminin vəziyyətinin təhlili, eləcə də elmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmli olub.

Son illərdə Asiya ölkələri, xüsusilə Çin ilə elmi əməkdaşlığa xüsusi diqqət yetirildiyini deyən akademik İsa Həbibbəyli AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti  kimi elmi müəssisələri və universitetləri ilə geniş əlaqələrin qurduğunu, səfərlərin, görüşlərin təşkil olunduğunu söyləyib. AMEA prezidenti bu çərçivədə Çin Sosial Elmlər Akademiyası ilə 2016-cı ildə imzalanmış əməkdaşlıq müqaviləsinin yenilənməsinin nəzərdə tutulduğunu, rəqəmsallaşma və süni intellektin humanitar və ictimai elmlərə nüfuz etdiyi müasir dövrdə bu əməkdaşlığın yeni istiqamətlərlə zənginləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Akademik İsa Həbibbəyli Çin universitetləri ilə elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlara da toxunub. O qeyd edib ki, Pekin Xarici Dillər Universitetinin tələbələri artıq üçüncü ildir Azərbaycanda təcrübə proqramlarında iştirak edir, Azərbaycan dili və ölkəmizin elmi-mədəni mühiti ilə bağlı biliklərini artırırlar.

Akademik İsa Həbibbəyli Azərbaycan elminin Avropanın elmi qurumları ilə əlaqələrinin də genişləndirildiyini bildirib. AMEA rəhbəri İtaliya, Albaniya, Gürcüstan, Bolqarıstan və Almaniya ilə elmi əməkdaşlığın inkişaf etdirilməsinin, birgə tədbirlərin keçirilməsinin və yeni əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.

AMEA prezidenti qeyd edib ki, müasir dövrdə süni intellekt, rəqəmsallaşma və yeni texnologiyalar elmin inkişafına ciddi təsir göstərir. Bu səbəbdən Azərbaycan elmi beynəlxalq təcrübəni öyrənməli, dünya elminin nailiyyətlərindən faydalanmalı və həmin imkanları milli elmi potensialın inkişafına yönəltməlidir.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan elminin gələcək inkişafı ölkənin zəngin elmi ənənələrinin qorunması, müasir çağırışlara uyğunlaşma və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə sıx bağlıdır. O vurğulayıb ki, dövlət başçısının çağırışlarına uyğun şəkildə dünya elmi məkanına inteqrasiya, alimlər arasında təcrübə mübadiləsi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi AMEA-nın qarşısında duran mühüm vəzifələrdəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: