Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli: “Mərhələli şəkildə AMEA-nın elmi müəssisələrində  rəqəmsal hesabat sisteminə keçiləcək”
23.10.2026 10:40
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: “Mərhələli şəkildə AMEA-nın elmi müəssisələrində rəqəmsal hesabat sisteminə keçiləcək”

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında “2026-cı il üzrə AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatların hazırlanması haqqında” və “2026-cı il üzrə AMEA-nın elmi müəssisələrinin elmi və elmi-təşkilati fəaliyyətinin bal sistemi əsasında rəqəmsal hesabatının pilot qaydada tətbiqi haqqında” da müzakirələr aparılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, noyabrın 1-dən etibarən şöbələrdə və laboratoriyalarda hesabatların dinlənilməsinə başlanılmalı, ay ərzində institutların elmi şuralarında müzakirələr aparılmalıdır. Onun sözlərinə görə, prosesin səmərəli təşkili üçün institut direktorları, elmi işlər və rəqəmsallaşma üzrə direktor müavinləri, elmi katiblər şöbələrdə keçirilən müzakirələrdə iştirak etməlidirlər.

Akademik qeyd edib ki, hesabatların müzakirəsi zamanı yalnız yekun nəticələrlə tanış olmaq deyil, həm də elmi fəaliyyətin gedişini, şöbələrdə görülən işləri və mövcud problemləri ətraflı öyrənmək vacibdir. Bu baxımdan, hesabatların keyfiyyətinin yüksəldilməsi, elmi yanaşmanın və məsuliyyətin gücləndirilməsi əsas məqsədlərdəndir.

Akademik İsa Həbibbəyli bu gün rəqəmsal hesabat sisteminə keçidin vacib olduğunu, bunun mərhələli şəkildə həyata keçiriləcəyini vurğulayıb. Bildirib ki, cari ildə ənənəvi kağız hesabatlarla yanaşı, institutların elmi şuralarında və bölmə iclaslarında rəqəmsal hesabatların təqdim edilməsi də təşviq olunacaq.

Akademik İsa Həbibbəyli əsas məqsədin 2027–2028-ci illərdə Akademiyanın bütün institutlarının rəqəmsal hesabat sisteminə keçidini təmin etmək olduğunu bildirib. O, bu prosesin həyata keçirilməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasının, kadr hazırlığının və əməkdaşların rəqəmsal bacarıqlarının artırılmasının vacibliyini diqqətə çatdırıb.

Qeyd olunub ki, cari ildə rəqəmsal hesabat sisteminin tətbiqini sürətləndirmək məqsədilə dörd institutun - Humanitar Elmlər Bölməsi üzrə Ədəbiyyat İnstitutu və Folklor İnstitutu, İctimai Elmlər Bölməsi üzrə isə Arxeologiya və Antropologiya İnstitutu, eləcə də Fəlsəfə və Sosiologiya İnstitutunun pilot institutlar kimi bu prosesə cəlb edilməsi planlaşdırılır. Akademik bildirib ki, pilot institutların fəaliyyəti zamanı rəqəmsal hesabat modelinin tətbiqi ilə bağlı əldə olunan təcrübə digər institutlarla bölüşülməlidir. Onun sözlərinə görə, institutlar öz imkanlarına uyğun olaraq ayrı-ayrı şöbələrini də bu prosesə cəlb etməli, rəqəmsal hesabat sisteminə tam keçid üçün zəruri hazırlıq işlərini başa çatdırmalıdırlar.

AMEA rəhbəri rəqəmsallaşmanın müasir dövrün əsas inkişaf istiqamətlərindən biri olduğunu vurğulayaraq, ölkədə bu sahədə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini qeyd edib. O, institut direktorlarını rəqəmsal hesabat sisteminin tətbiqinə dəstək verməyə, elmi işlər və rəqəmsallaşma üzrə direktor müavinlərini isə bu istiqamətdə üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə çağırıb.

AMEA prezidenti rəqəmsallaşma prosesinin uğurla həyata keçirilməsi üçün hər şöbədə bu işə məsul əməkdaşların müəyyənləşdirilməsinin və onların müvafiq təlimlərə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, şöbələrdə məlumatların sistemə daxil edilməsi, rəqəmsallaşdırılması və hesabatların hazırlanması ilə məşğul olacaq kadrlar yetişdirilməlidir. Müvafiq mexanizmin yaradılması və əməkdaşların texniki imkanlarla təmin olunması rəqəmsal hesabat sisteminin səmərəli tətbiqinin əsas şərtləridir.

Akademik İsa Həbibbəyli həmçinin Akademiya əməkdaşlarının rəqəmsal bacarıqlarının artırılması istiqamətində görülən işlərə toxunub. Qeyd edib ki, artıq bir çox əməkdaş rəqəmsal inkişaf üzrə təşkil olunan təlimlərdə iştirak edərək sertifikatlar əldə ediblər.

Akademik sonda rəqəmsal hesabat sisteminə keçidin mərhələli şəkildə, ardıcıl müzakirələr və konkret tapşırıqlar əsasında həyata keçirilməli olduğunu vurğulayıb. O, bu istiqamətdə işlərin sürətləndirilməsinin və qarşıya qoyulan məqsədlərin vaxtında reallaşdırılmasının zəruriliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: