Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.10.2026 15:10
  • A-
  • A
  • A+

Milli statistika sisteminin Qlobal Qiymətləndirilməsi çərçivəsində elmi ictimaiyyətin iştirakı ilə görüş keçirilib

Milli statistika sisteminin Qlobal Qiymətləndirilməsi çərçivəsində elmi ictimaiyyətin iştirakı ilə görüş keçirilib

Görüşdə AMEA Rəyasət Heyətinin elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov milli statistika sisteminin inkişafı üzrə konkret təşəbbüslərlə çıxış edib

2026-cı il oktyabrın 19-23-də Azərbaycanda milli statistika sisteminin Qlobal Qiymətləndirilməsi (Global Assessment) həyata keçirilib. BMT-nin Avropa İqtisadi Komissiyası, Avropa İttifaqının Statistika Bürosu və müstəqil ekspertlərin iştirakı ilə keçirilən qiymətləndirmənin əsas məqsədi milli statistika sisteminin mövcud vəziyyətini təhlil etmək, onun beynəlxalq standartlara və Avropa standartlarına uyğunluğunu qiymətləndirmək, inkişaf ehtiyaclarını müəyyənləşdirmək və gələcək inkişaf istiqamətləri üzrə tövsiyələr hazırlamaqdır.

Qiymətləndirmə çərçivəsində keçirilən görüşdə AMEA Rəyasət Heyətinin elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov da iştirak edib və milli statistika sisteminin inkişafı, rəsmi statistik məlumatların elmi tədqiqatlarda istifadəsinin genişləndirilməsi ilə bağlı təkliflərini səsləndirib.

Çıxışında rəsmi statistikanın yalnız dövlət idarəçiliyində qərarların qəbul edilməsi üçün deyil, həm də sosial-iqtisadi proseslərin dərindən öyrənilməsi, elmi tədqiqatların aparılması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan Coşqun Məmmədov Dövlət Statistika Komitəsinin milli statistik sistemin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirib.

O qeyd edib ki, milli statistika sisteminin inkişafında əsas prioritetlərdən biri rəsmi statistik məlumatların elmi ictimaiyyət üçün əlçatanlığının artırılmasıdır. Bunun üçün tədqiqatçıların zəruri məlumatları əldə etməsi daha da sadələşdirilməli, statistik məlumatların təfərrüatlılığı və əvvəlki illərin göstəriciləri ilə müqayisə imkanları genişləndirilməli, müxtəlif mənbələrdən əldə olunan məlumatların birgə təhlilini asanlaşdıran mexanizmlər yaradılmalıdır.

Çıxışda müəssisələrə aid fərdi məlumatların və kommersiya sirrinin məxfiliyinin qorunması şərtilə tədqiqatçılara daha ətraflı statistik məlumatlardan elmi məqsədlərlə istifadə etmək imkanlarının yaradılmasının vacibliyi də diqqətə çatdırılıb. Bildirilib ki, bu yanaşma sosial-iqtisadi proseslərin daha dərindən araşdırılmasına və elmi təhlillərin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər.

Coşqun Məmmədov Dövlət Statistika Komitəsi ilə universitetlər və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın gücləndirilməsini də mühüm istiqamət kimi qeyd edib. Onun fikrincə, statistik məlumatlara dair elmi ictimaiyyətin ehtiyacları mütəmadi öyrənilməli, yeni statistik göstəricilərin hazırlanması zamanı alim və tədqiqatçıların rəyləri nəzərə alınmalıdır.

Bu məqsədlə o, iki konkret təklif irəli sürüb:

Birinci təklif elmi tədqiqatçılar üçün statistik məlumatların əldə edilməsini asanlaşdıran vahid müraciət sisteminin yaradılmasıdır. Belə bir sistem tədqiqatçıların ehtiyac duyduqları məlumatlara daha rahat çıxışını təmin etməklə vaxt itkisinin azaldılmasına xidmət edə bilər.

İkinci təklif isə Dövlət Statistika Komitəsi ilə universitetlər və elmi-tədqiqat müəssisələri arasında müntəzəm dialoq platformasının yaradılmasıdır. Bu platforma vasitəsilə elmi ictimaiyyətin məlumat ehtiyaclarının müəyyənləşdirilməsi, statistik göstəricilərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin müzakirəsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə tədqiqat layihələrinin həyata keçirilməsi mümkün ola bilər.

Çıxışının sonunda Coşqun Məmmədov vurğulayıb ki, milli statistika sisteminin keyfiyyəti yalnız toplanan məlumatların dəqiqliyi ilə deyil, həm də həmin məlumatların elmi tədqiqatlar, innovasiyalar və əsaslandırılmış qərarların qəbulu üçün nə dərəcədə əlçatan və yararlı olması ilə ölçülür. O, irəli sürülən təkliflərin həyata keçirilməsinin statistik məlumatların elmi tədqiqatlarda istifadəsini genişləndirəcəyinə və elmin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: