Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.10.2026 10:00
  • A-
  • A
  • A+

AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub

AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA-nın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə görkəmli alim, pedaqoq və ictimai xadim, tibb elmləri doktoru, professor, akademik Ədilə Namazovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə dövlət qurumlarının, elmi müəssisələrin və tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yubiley tədbiri çərçivəsində əvvəlcə Fəxri xiyabanda akademik Ədilə Namazovanın məzarı ziyarət olunub, daha sonra alimin həyat və fəaliyyətinə həsr edilmiş sərgi nümayiş etdirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında akademik Ədilə Namazovanın 94 illik ömrünü Azərbaycanda səhiyyənin, pediatriyanın və tibb elminin inkişafına həsr etdiyini deyib, alimin çoxillik elmi və həkimlik fəaliyyətinin respublikada pediatriya elminin formalaşmasında mühüm yer tutduğunu qeyd edib.

Akademik bildirib ki, Ədilə Namazovanın bütün həyatı səhiyyə və tibb elmi ilə bağlı olub. O, 1957-ci ildən həkimlik fəaliyyətinə başlayıb, sonralar xəstəxana rəhbəri kimi çalışıb. 1965-ci ildən 2020-ci ilədək Azərbaycan Dövlət Tibb Universitetində fəaliyyət göstərib. Beləliklə, alimin həyatının 55 ili ali tibb təhsili və elmi-pedaqoji fəaliyyətlə bağlı olub.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Ədilə Namazova həm peşəkar həkim-pediatr, həm də pediatriya və kardiologiya sahələrində tanınmış alim kimi Azərbaycan səhiyyəsində özünəməxsus mövqeyə malik olub. Onun elmi fəaliyyəti yalnız ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənarda da maraq doğurub. Alimin tədqiqatlarında uşaqlarda revmatizm, ürək xəstəlikləri, ürək qüsurları, bu xəstəliklərin müalicəsi və aradan qaldırılması yolları araşdırılıb.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev akademik Ədilə Namazovanın elmi fəaliyyətini hər zaman yüksək qiymətləndirib və onu Azərbaycanda elmi pediatriyanın banisi adlandırıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılmasında və inkişafında Ədilə Namazovanın böyük dəstəyi olub. Ədilə xanım 10 ildən artıq müddətdə bu universitetdə mühazirələr oxuyub, ustad dərsləri keçib.

AMEA prezidenti qeyd edib ki, Ədilə Namazovanın zəngin elmi əsərləri, monoqrafiyaları və dərslikləri isə bu gün də elmi və pedaqoji fəaliyyət üçün dəyərli mənbə olaraq qalır. Alimin fəaliyyəti həkimlik təcrübəsi ilə elmi araşdırmaların vəhdətinin parlaq nümunəsi kimi dəyərləndirilə bilər.

Akademik İsa Həbibbəyli çıxışın sonunda akademik Ədilə Namazovanın elmi, pedaqoji və ictimai xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsinin onun şəxsiyyətinə və Azərbaycan elminə verdiyi töhfələrə göstərilən ehtiramın ifadəsi olduğunu vurğulayıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov çıxışında akademik Ədilə Namazovanın dünya pediatriyasının və tibb elminin inkişafına mühüm töhfələrdən, uşaqlarda anadangəlmə ürək qüsurlarının öyrənilməsi, müayinə və müalicə məsələlərinin araşdırılması istiqamətində apardığı tədqiqatlardan bəhs edib.

Akademik Əhliman Əmiraslanov Ədilə Namazovanı ötən əsrin 70-ci illərindən tanıdığını, alimin elmi fəaliyyətini, tibb ictimaiyyətində qazandığı nüfuzu yaxından müşahidə etdiyini bildirib. Ədilə Namazovanın elmi fəaliyyətinin ilk mərhələlərindən etibarən uşaqlarda anadangəlmə ürək qüsurlarının öyrənilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Qeyd edib ki, o dövrdə anesteziologiya və reanimatologiya sahələri indiki səviyyədə inkişaf etmədiyindən ürək qüsurlarının cərrahi müalicəsi ciddi risklərlə müşayiət olunurdu. Buna görə də əməliyyata göstəriş və əks-göstərişlərin müəyyənləşdirilməsi, mümkün ağırlaşmaların əvvəlcədən qiymətləndirilməsi və onların qarşısının alınması yollarının araşdırılması böyük əhəmiyyət daşıyırdı.

Akademik Əhliman Əmiraslanov Ədilə Namazovanın keçmiş SSRİ-nin tibb elmi ictimaiyyətində qazandığı yüksək nüfuzu xüsusi qeyd edib. Ədilə Namazovanın elmi fəaliyyəti dövründə Moskvanın tanınmış tibb müəssisələri, o cümlədən akademik Boris Petrovskinin rəhbərlik etdiyi cərrahiyyə mərkəzi ilə sıx elmi əlaqələr qurduğunu, həmin dövrdə uşaqlarda anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi üzrə aparılan araşdırmaların bu əməkdaşlığın mühüm istiqamətlərindən olduğunu bildirib.

Qeyd edib ki, alimin SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilməsi Azərbaycan elmi, xüsusilə də qadın alimlər üçün əlamətdar hadisə idi. Ədilə Namazova həmin dövrdə tanınmış alimlər və tibb mütəxəssisləri arasında böyük hörmət qazanmışdı. O, Ədilə Namazova ilə Azərbaycan Tibb Universitetində uzun illər birgə çalışdığını xatırladaraq alimin universitetin elmi və ictimai həyatında fəal iştirak etdiyini bildirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova akademik Ədilə Namazovanın Azərbaycanda pediatriya elminin inkişafında, milli pediatriya məktəbinin formalaşmasında və yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında rolundan danışıb.

Akademik İradə Hüseynova bildirib ki, Azərbaycanın çoxəsrlik tarixində elə şəxsiyyətlər var ki, onların həyat yolu, elmi fəaliyyəti və ictimai xidmətləri ölkənin inkişaf salnaməsində xüsusi yer tutur. Akademik Ədilə Namazova da belə görkəmli şəxsiyyətlərdəndir.

O qeyd edib ki, AMEA-nın müxtəlif elmi istiqamətlərində fəaliyyət göstərən qadın alimlər ölkə elminin inkişafına mühüm töhfələr veriblər. Bu baxımdan Ədilə Namazovanın da Azərbaycan elminin görkəmli qadın nümayəndələri sırasında xüsusi mövqeyə malik olduğunu, alimin elmi nailiyyətləri, beynəlxalq nüfuzu və uzunillik pedaqoji fəaliyyətinin Azərbaycan tibb elminin inkişafında mühüm iz qoyduğunu bildirib. Ədilə Namazovanın fəaliyyətində həkimlik, alimlik və müəllimlik bir-birini tamamlayan əsas istiqamətlər olub. Həkim kimi xəstələrin sağlamlığının qorunmasına çalışan alim, tədqiqatçı kimi xəstəliklərin yaranma mexanizmlərini və patogenezini araşdırıb, pedaqoq kimi isə əldə etdiyi elmi bilikləri gənc mütəxəssislərlə bölüşüb.

AMEA-nın vitse-prezidenti diqqətə çatdırıb ki, Ədilə Namazova böyük elmi nüfuzuna baxmayaraq, sadəliyi, məsuliyyətli yanaşması və tələbkarlığı ilə seçilib. O, həkim kimi xəstələrinə həssaslıqla yanaşıb, müəllim kimi gənc mütəxəssislərdən yüksək peşəkarlıq tələb edib. Bu keyfiyyətlər alimin şəxsiyyətinin və elmi irsinin ayrılmaz hissəsi olub.

O, həmçinin Ədilə Namazovanın elmi tədqiqatların etik aspektlərinin öyrənilməsindəki rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, alim tibbi tədqiqatlarda etik prinsiplərin araşdırılmasına xüsusi diqqət yetirib, bu sahədə maarifləndirmə və elmi biliklərin yayılmasına mühüm töhfələr verib. Bioetika istiqamətində fəaliyyəti və bu mövzuda hazırladığı əsərlər onun zəngin elmi irsinin mühüm hissəsini təşkil edir.

Akademik İradə Hüseynova Ədilə Namazovanın Azərbaycan Milli Elmlər Akademiyası, xüsusilə Biologiya və Tibb Elmləri Bölməsi ilə bağlı fəaliyyətindən də danışıb. Bildirib ki, Ədilə xanıma tibb və biologiyanın kəsişməsində dayanan mürəkkəb dövlət proqramlarına, milli strategiya layihələrinə və fundamental konsepsiyalara rəy vermək lazım gələndə o, heç vaxt məsələyə formal yanaşmazdı.

Vitse-prezident minnətdarlıqla qeyd edib ki, 2020-ci ilin əvvəllərində bütün dünyanı, o cümlədən ölkəmizi əhatə edən COVID-19 pandemiyasının ilk günlərində, cəmiyyətdə qeyri-müəyyənliyin və təlaşın hökm sürdüyü bir vaxtda Azərbaycanda bu qlobal təhlükə ilə bağlı ilk elmi tədbirin təşkili zamanı Ədilə xanım heç bir müraciət gözləmədən təşəbbüs göstərərək öz köməyini təklif edib. Məsələlərin düzgün qoyuluşundan virusun uşaq orqanizminə mümkün təsirlərinin müzakirəsinə qədər tədbirin bütün mərhələlərində fəal iştirak edib və könüllü şəkildə onun əsas ideya müəlliflərindən birinə çevrilib.

AMEA-nın vitse-prezidenti çıxışının sonunda akademik Ədilə Namazovanın zəngin elmi irsinin, yaratdığı məktəbin və yetişdirdiyi mütəxəssislərin Azərbaycan tibb elminin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra proqram çərçivəsində akademik Ədilə Namazovaya həsr edilmiş videoçarx nümayiş etdirilib.

Daha sonra Azərbaycan Tibb Universitetinin prorektoru tibb elmləri doktoru, professor Məlahət Sultanova məruzə ilə çıxış edərək akademik Ədilə Namazovanın zəngin elmi tərcümeyi-halı, elmi, pedaqoji və ictimai fəaliyyəti barədə ətraflı danışıb. O, akademikin həyat və fəaliyyətinin əsas mərhələlərinə nəzər salaraq, onun Azərbaycan pediatriyasının formalaşması və inkişafında oynadığı müstəsna rolu, elmi məktəbinin yaranmasına verdiyi töhfələri və uzun illər ərzində yetişdirdiyi alim və həkimlərin fəaliyyətini xüsusi qeyd edib.

Bildirilib ki, akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafında özünəməxsus iz qoyub, pediatriyanın elmi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfələr verib və çoxsaylı fundamental və tətbiqi tədqiqatları ilə bu sahənin inkişaf istiqamətlərinin müəyyənləşməsində fəal iştirak edib. Onun elmi fəaliyyəti uşaqlarda müxtəlif xəstəliklərin, xüsusilə yoluxucu və irsi xəstəliklərin öyrənilməsi, onların erkən diaqnostikası, profilaktikası və müalicəsi ilə yanaşı, uşaq sağlamlığının qorunmasının elmi və təşkilati əsaslarının işlənib hazırlanmasını da əhatə edib. Professor Məlahət Sultanova vurğulayıb ki, Ədilə Namazovanın rəhbərliyi və elmi məsləhətçiliyi ilə çox sayda tədqiqat aparılıb, yeni alim nəsli formalaşıb və onun yaratdığı elmi məktəb bu gün də öz ənənələrini davam etdirir.

Məruzədə akademikin elmi-pedaqoji fəaliyyətinin mühüm mərhələləri də diqqətə çatdırılıb. Qeyd olunub ki, Ədilə Namazova uzun illər Azərbaycan Tibb Universitetində elmi və pedaqoji fəaliyyət göstərərək pediatriya üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına böyük əmək sərf edib, tələbə və gənc alimlərin elmi dünyagörüşünün formalaşmasına, onların tədqiqatçılıq bacarıqlarının inkişafına xüsusi diqqət yetirib. Onun elmi əsərləri, monoqrafiyaları, dərslik və metodik vəsaitləri Azərbaycan pediatriyasının elmi və tədris bazasının zənginləşdirilməsində mühüm rol oynayıb.

Qeyd edilib ki, Ədilə Namazovanın həyat və fəaliyyətində uşaqlara qayğı, şəfqət, elmə bağlılıq və insan sevgisi mühüm yer tutub. Professor vurğulayıb ki, akademik Ədilə Namazovanın Azərbaycanda elmi pediatriyanın banisi kimi tanınması onun Azərbaycan tibb elminin tarixindəki xüsusi mövqeyini ifadə edir. Onun həkimlik fəaliyyətinin ilk illəri də bu missiyanın mahiyyətini aydın şəkildə göstərir. 1949–1953-cü illərdə Ağdamda çalışan gənc həkim uşaqlar arasında yoluxucu xəstəliklərlə mübarizəyə, təhlükəli infeksiyaların qarşısının alınmasına və profilaktik tədbirlərin təşkilinə xüsusi diqqət yetirib. Uşaqların immunizasiyası, kütləvi peyvəndləmə, evlərdə tibbi müayinələrin aparılması və süd mətbəxinin təşkili onun fəaliyyətinin mühüm istiqamətlərindən olub.

Məlahət Sultanova xüsusi olaraq qeyd edib ki, Ədilə Namazovanın elmi yolu yalnız fərdi nailiyyətlərlə məhdudlaşmayıb. O, pediatriyanın müxtəlif istiqamətlərində tədqiqatların inkişafına rəhbərlik etməklə yanaşı, elmi məktəb yaradıb, öz bilik və təcrübəsini çoxsaylı tələbə, həkim və alim nəslinə ötürüb. Bu baxımdan onun elmi irsi yetişdirdiyi mütəxəssislərin elmi fəaliyyətində və Azərbaycan pediatriyasının sonrakı inkişafında da öz əksini tapır.

Məruzənin sonunda professor Məlahət Sultanova akademik Ədilə Namazovanın çoxşaxəli fəaliyyətinin Azərbaycan səhiyyəsi, tibb elmi və pedaqoji fikri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb, onun zəngin elmi irsinin gələcək nəsillər üçün də mühüm mənbə olaraq qalacağını qeyd edib.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Azərbaycanın ilk qadın pediatr alimi, akademik Ədilə Namazovanın adının Azərbaycan səhiyyəsi və dünya tibb elminin tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. Bildirib ki, onun uzun illər davam edən elmi, pedaqoji və ictimai fəaliyyəti Azərbaycan pediatriyasının inkişafında mühüm mərhələ təşkil edir, zəngin elmi irsi isə bu gün də öz aktuallığını qoruyur və yeni tədqiqatlar üçün mühüm elmi baza rolunu oynayır.

Ramik Quliyev qeyd edib ki, Ədilə Namazova Azərbaycan Tibb Universitetində uzun illər pedaqoji fəaliyyət göstərərək tələbələrin və gənc tədqiqatçıların elmi dünyagörüşünün formalaşmasına xüsusi diqqət yetirib. Tələbə Elmi Cəmiyyətinin iclaslarında mütəmadi iştirak edən akademik gənclərin elmi axtarışlarını dəstəkləyib, onların tədqiqat mövzularının düzgün müəyyənləşdirilməsi, elmi yanaşmalarının formalaşdırılması və araşdırmalarının nəticələrinin təqdim olunması ilə bağlı dəyərli tövsiyələr verib.

Şöbə müdiri vurğulayıb ki, Ədilə Namazovanın gənc alimlərə münasibətində tələbkarlıqla yanaşı, elmə həvəsin və tədqiqatçılıq ruhunun dəstəklənməsi xüsusi yer tutub. Onun elmi məktəbinin əsas xüsusiyyətlərindən biri də məhz yeni nəslin yetişdirilməsi, elmi ənənələrin davamlılığının təmin olunması və pediatriya sahəsində peşəkar kadrların hazırlanması olub. Bu baxımdan akademikin elmi irsi ilə yanaşı, yetişdirdiyi mütəxəssislər və formalaşdırdığı elmi mühit də onun Azərbaycan tibb elminə mühüm töhfələrindən biri kimi qiymətləndirilib.

Ramik Quliyev Ədilə Namazovanın elmi irsinin gələcək nəsillər üçün də əhəmiyyət daşıdığını qeyd edərək, onun adı və çoxşaxəli fəaliyyəti ilə Azərbaycan tibb elminin inkişafında mühüm bir səhifənin yazıldığını vurğulayıb.

Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Habil Qurbanov akademik Ədilə Namazovanın Ağdamda başlayan həkimlik fəaliyyətinin onun gələcək elmi yolunun formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, uşaqların sağlamlığının qorunmasına həsr etdiyi fəaliyyəti ilə yanaşı, pediatriya sahəsində elmi tədqiqatları, milli elmi məktəbin inkişafına verdiyi töhfələr və beynəlxalq miqyasda qazandığı nüfuz Ədilə Namazovanın zəngin elmi irsinin əsas istiqamətlərini təşkil edib.

Habil Qurbanov çıxışında akademik Ədilə Namazovanın nəsil şəcərəsindən də bəhs edərək onun ailə üzvlərinin əksəriyyətinin səhiyyə və tibb sahəsində fəaliyyət göstərdiyini, beləliklə, bu sahəyə xidmətin ailənin həyatında xüsusi yer tutduğunu vurğulayıb.

Tədbirdə akademik Ədilə Namazovanın yetirməsi, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə Ədilə Namazovanın və onun uzun illər rəhbərlik etdiyi Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib.

Təranə Tağı-zadə çıxışında akademik Ədilə Namazovanın Azərbaycan pediatriyasının inkişafındakı müstəsna xidmətlərini, formalaşdırdığı elmi məktəbin əhəmiyyətini və tibb elminə qazandırdığı dəyərləri diqqətə çatdırıb. O vurğulayıb ki, Ədilə xanım gənc həkimlərin tədqiqatlara cəlb olunmasına, elmi potensiallarının üzə çıxarılmasına və müstəqil alim kimi formalaşmalarına böyük əmək sərf edib. Bu gün Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən çoxsaylı həkim və alimlər Ədilə Namazovanın yaratdığı elmi məktəbin davamçılarıdır.

Təranə Tağı-zadə alimin tədqiqatlarının pediatriyada diaqnostika və müalicə yanaşmalarının təkmilləşdirilməsinə, uşaqların sağlamlığının qorunmasına və tibb elminin inkişafına mühüm töhfələr verdiyini deyib, akademikin fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi tibbi etika və bioetika sahəsində xidmətlərini xüsusi vurğulayıb. Qeyd edib ki, Ədilə Namazovanın bioetika sahəsindəki təşəbbüsləri tibbi təhsildə mənəvi dəyərlərin möhkəmləndirilməsinə, həkimlərin etik düşüncə tərzinin formalaşmasına və insan amilinin tibbi qərarların mərkəzində dayanmasına xidmət edib.

Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyətinə toxunan Təranə Tağı-zadə rəhbərlik etdiyi qurumun inkişafında akademik Ədilə Namazovanın xidmətlərini və yaratdığı ənənələrin əhəmiyyətini vurğulayıb. Bildirib ki, alimin təşkilata rəhbərliyi dövründə pediatrların elmi və peşəkar fəaliyyətinin dəstəklənməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, Azərbaycan pediatriyasının beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində mühüm addımlar atılıb. Onun təşəbbüsləri pediatrlar arasında elmi əməkdaşlığın güclənməsinə, müasir tibbi biliklərin yayılmasına və uşaq sağlamlığının qorunmasına yönəlmiş fəaliyyətin inkişafına zəmin yaradıb.

Assosiasiyanın bugünkü fəaliyyətinin də həmin irsin davam etdirilməsinə, pediatrların elmi potensialının gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və müasir pediatriyanın nailiyyətlərinin ölkəmizdə tətbiqinə xidmət etdiyi deyib.

Çıxışının sonunda qeyd edib ki, akademik Ədilə Namazova bu gün aramızda olmasa da, onun yaratdığı elmi məktəb yaşayır, yetirmələrinin fəaliyyəti ilə zənginləşir, ideyaları və peşəkar prinsipləri yeni nəsillərə ötürülür. Ədilə xanımın ömür boyu qoruduğu elmə sədaqət, insanlara şəfqət və peşəyə məsuliyyət prinsipləri Azərbaycan pediatriyasının gələcək inkişafında da öz əhəmiyyətini saxlayacaqdır.

Sonda akademik Ədilə Namazovanın ailəsi adından bacısı Tamella Namazova çıxış edərək, əlamətdar yubiley tədbirinin təşkilinə və Ədilə xanımın əziz xatirəsinin yaşadılmasına göstərilən diqqətə görə AMEA rəhbərliyinə minnətdarlığını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: