AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Qərbi Azərbaycan folkloru və Mifologiya şöbələrinin əməkdaşları da iştirak ediblər.
Seminarda Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə “Novruz mərasimlərində Vahid Allah inancının təcəssümü” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, Novruz mərasimləri teoloji inanclar sistemi baxımından indiyədək, demək olar ki, araşdırılmayıb. Tədqiqatçıların Novruza dini bayram kimi yanaşmaması səbəbindən sovet dövrünədək bu istiqamətdə araşdırmalara xüsusi ehtiyac duyulmayıb. Sovet dövründə isə materialist-ateist baxışların dövlətin nəzəri-ideoloji əsasını təşkil etməsi Novruz mərasimlərinin bu aspektdən tədqiqini çətinləşdirib. Uzun illər bayramın keçirilməsi qeyri-rəsmi şəkildə məhdudlaşdırılsa da, xalq arasında Novruz ənənələri yaşadılıb, rəsmi ideologiyada isə təbliğ olunmayıb.
Məruzəçi vurğulayıb ki, təqdim olunan tədqiqat Novruzşünaslıqda bu istiqamətdə ilk araşdırmalardan biri hesab oluna bilər. Mənbələr və dəlillər əsasında Novruz mərasimlərinin kökündə Allah inancının dayandığı izah edilib.
Bildirilib ki, İslamdan əvvəlki dövrdə işlənən “Tanrı” anlayışı ilə İslam dövründəki “Allah” anlayışı eyni inanc məzmununu ifadə edir. Müxtəlif dövrlərdə mərasimlərə daxil olan bütpərəst meyillər Allah inancını kölgədə qoya bilməyib.
Həmçinin qeyd olunub ki, Novruzun dini bayram deyil, yaz, təbiət və təsərrüfat-əkinçilik mədəniyyəti ilə bağlı bayram kimi səciyyələndirilməsi Allah inancının mövcudluğunu inkar etmir. Yaradılış aktı ilə əlaqələndirilən bayramda Yaradana edilən dua və alqışlar da bu inancın ifadəsi kimi dəyərləndirilib. Məruzədə Novruzun teoloji inanc sistemi kontekstində araşdırılması zəruri elmi istiqamət kimi təqdim olunub.
Məruzənin yekununda Novruzu bütpərəst inanclar və materialist baxışlarla əlaqələndirməyin özünü doğrultmadığı bildirilib. Qeyd edilib ki, bayramın mədəniyyət hadisəsi kimi mahiyyətinin araşdırılması zamanı ideoloji yanaşmaların yaratdığı yanlışlıqlar nəzərə alınmalı, Novruz mərasimləri teoloji inanc sistemi baxımından da öyrənilməlidir.
Seminar mövzu ətrafında müzakirələr, iştirakçıların suallarının cavablandırılması və qaldırılan məsələlərə elmi aydınlıq gətirilməsi ilə yekunlaşıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.