Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.10.2026 12:24
  • A-
  • A
  • A+

AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin (HEB) Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri Elmi Şuranın sədr müavini, akademik Teymur Kərimli açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda HEB-in elmi tədqiqat müəssisələrində 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri və 2027-ci il üçün qəbul planına dair təkliflər müzakirə olunub. Bildirilib ki, 2026-cı ildə Bölmənin elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 45 nəfər qəbul edilib.

Sonra qəbul olunmuş doktorantların dissertasiya mövzuları müzakirəyə çıxarılıb. Mövzuların aktuallığı, elmi yeniliyi və nəzəri-praktiki əhəmiyyəti nəzərdən keçirilib. Qeyd olunub ki, tədqiqatların humanitar elmlərin qarşısında duran aktual problemlərin həllinə, milli elmi irsin öyrənilməsinə, Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin araşdırılmasına yönəldilməsi mühüm əhəmiyyət daşıyır. Dissertasiya işlərinin müasir elmi yanaşmalar əsasında aparılmasının və əsaslandırılmış nəticələrlə yekunlaşmasının Azərbaycan elminin inkişafına töhfə verəcəyi vurğulanıb.

Gündəlikdəki digər məsələ Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirovanın bir il müddətinə Polşa Respublikasının Yagellon Universitetinə ezam edilməsi ilə bağlı olub.

Bildirilib ki, dosent Gülarə Əmirova universitetin Filologiya fakültəsində Azərbaycan dilini tədris etmək məqsədilə assistent-professor vəzifəsinə dəvət olunub. Alimin fəaliyyəti tədrislə yanaşı, Azərbaycan dili, dil tarixi və türkologiya sahələrində elmi tədqiqatları da əhatə edəcək. Bu əməkdaşlıq Azərbaycan dilinin beynəlxalq səviyyədə təbliğinə və Yagellon Universiteti ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu arasında elmi əlaqələrin genişlənməsinə töhfə verəcək.

 Elmi Şuranın iclasında, həmçinin Nəsimi adına Dilçilik İnstitutunda bir sıra kadr məsələlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: