Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Firudin Qurbanov: “Elm və təhsilə əsaslanan mədəniyyətlərarası dialoq qlobal gərginliyin azaldılması və davamlı sülhün qurulması üçün mühüm vasitədir”
27.10.2026 18:30
  • A-
  • A
  • A+

Firudin Qurbanov: “Elm və təhsilə əsaslanan mədəniyyətlərarası dialoq qlobal gərginliyin azaldılması və davamlı sülhün qurulması üçün mühüm vasitədir”

Bu sözləri Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Akademik Forumun açılış mərasimində deyib.

Qeyd edib ki, müasir dünyada etnik və dini münaqişələr, terrorizm və zorakılıq mədəniyyətlərarası dialoqun inkişafına ciddi maneələr yaradır. O, belə bir şəraitdə qarşılıqlı anlaşmanın, etimadın, əməkdaşlığın və davamlı sülhün təmin olunmasında elm və təhsilin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Təhsil yalnız bilik ötürmək deyil, həm də müstəqil və tənqidi düşünmək, məlumatları təhlil etmək, fərqli mövqeləri qiymətləndirmək və əməkdaşlıq etmək bacarıqlarını formalaşdırmaq məqsədi daşıyır”, – deyə Firudin Qurbanov qeyd edib. Nazir müavininin sözlərinə görə, məlumatsızlıq, tarixi və dini faktların manipulyasiyası münaqişələrin yaranmasına zəmin yaradan amillərdəndir. Elm və təhsilə əsaslanan mədəniyyətlərarası və dinlərarası dialoq isə qlobal gərginliyin azaldılması və davamlı sülhün qurulması üçün mühüm vasitədir.

Azərbaycanın təhsil siyasətinin prioritetlərindən danışan Firudin Qurbanov insan potensialının inkişafı, müasir bacarıqların formalaşdırılması və təhsil sisteminin rəqəmsal transformasiyasının bu siyasətin əsas istiqamətləri olduğunu söyləyib. Hazırda ölkənin təhsil müəssisələrində 2 milyondan çox təhsilalanın və 150 minə yaxın təhsilverənin olduğunu bildirən nazir müavini bu göstəricilərin təhsilin cəmiyyətin dəyərlərinin və düşüncə tərzinin formalaşmasındakı əhəmiyyətini nümayiş etdirdiyini diqqətə çatdırıb.

O, Azərbaycanın tarixən müxtəlif etnik və dini qrupların dinc yaşadığı məkan olduğunu vurğulayaraq, ölkəmizdə milli azlıqların mədəni irsinin və ana dilinin qorunması üçün müvafiq imkanların yaradıldığını bildirib. Həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisinin ölkəmizin təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsinə və müxtəlif multikulturalizm modellərinin müqayisəli təhlilinə şərait yaratdığını qeyd edib.

Firudin Qurbanov çıxışında rəqəmsal texnologiyaların və süni intellektin mədəniyyətlərarası dialoqa təsirinə də toxunub. Bildirib ki, sosial şəbəkələr, mesajlaşma platformaları və süni intellekt qlobal ünsiyyətin xarakterini dəyişdirərək müxtəlif mədəniyyətlərin təmsilçiləri arasında əlaqələr üçün yeni imkanlar yaradır. Bu proseslərin öyrənilməsi mədəni, sosial və texnoloji yanaşmaların əlaqəli şəkildə araşdırılmasını tələb edir.

Dünyada müharibələrin və geosiyasi qarşıdurmaların davam etdiyi bir dövrdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayan Firudin Qurbanov gələcək nəsillər naminə sülhə, dialoqa, milli və bəşəri həmrəyliyə çağırışların xüsusi aktuallığa malik olduğunu bildirib. O, dini ayrı-seçkilik və qarşıdurma əvəzinə qarşılıqlı hörmət, humanizm və sevgi prinsiplərinin təşviqinin vacibliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: