Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.10.2026 12:28
  • A-
  • A
  • A+

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud” dastanının tərcümə və tədqiq məsələlərinə həsr olunan seminar keçirilib

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud” dastanının tərcümə və tədqiq məsələlərinə həsr olunan seminar keçirilib

AMEA Folklor İnstitutunun "Dədə Qorqud" şöbəsində növbəti elmi seminar keçirilib.

Seminarda şöbənin böyük elmi işçisi Nailə Mirzəyevanın “Müasir rus elmi nəşrlərində “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi məsələləri” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə “Kitabi-Dədə Qorqud” eposunun müasir rus elmi nəşrlərində araşdırılması istiqamətləri, dastanın tədqiqi tarixi və onun ümumtürk mədəni irsindəki yeri haqqında məlumat verilib. Müəllif eposun həm oğuz epik ənənəsinin nümunəsi, həm də türk xalqlarının tarixi yaddaşını, dünyagörüşünü və mənəvi dəyərlərini əks etdirən mühüm abidə olduğunu vurğulayıb.

Nailə Mirzəyeva rus şərqşünaslığında “Kitabi-Dədə Qorqud”un öyrənilməsinin əsasını qoymuş akademik Vasili Vladimiroviç Bartoldun elmi fəaliyyətinə xüsusi diqqət yetirib. Onun eposun tərcüməsi və tədqiqi sahəsindəki xidmətləri, eləcə də sonrakı qorqudşünaslıq araşdırmalarına təsiri qeyd olunub.

Məruzədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun tədqiqatçısı Tatyana Anikeyeva tərəfindən aparılmış araşdırmalar geniş şəkildə işıqlandırılıb. Alimin “Kitabi-Dədə Qorqud”u yazılı epik abidə kimi təhlil etməsi, dastanın tarixi-mədəni əlaqələrini və ənənəvi türk dünyagörüşünü araşdırması diqqətə çatdırılıb.

Müəllif Anikeyevanın tədqiqatında dastanın xronoloji baxımdan müxtəlif qatları özündə birləşdirməsi fikrinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qədim türk mifoloji təsəvvürlərinin sonrakı islam təsirləri ilə qarşılıqlı əlaqəsi, eposun şifahi və yazılı ənənələr arasındakı mövqeyi haqqında məlumat verilib.

Məruzədə “Kitabi-Dədə Qorqud”un “Koroğlu”, “Battalnamə” və “Danişməndnamə” kimi epik abidələrlə müqayisəli öyrənilməsi, həmçinin Bizans və Avropa epik ənənələri ilə tipoloji paralelləri məsələsinə toxunulub. Dastanın qədim türk runik yazıları, uyğur mətnləri və orta əsr türk yazılı abidələri ilə əlaqələrinin araşdırılması da diqqətə çatdırılıb.

Nailə Mirzəyeva rus türkoloqu P.A. Falevin və sinoloq Volfram Eberhardın əvvəllər nəşr olunmamış materiallarının elmi dövriyyəyə daxil edilməsinin əhəmiyyətini qeyd edib. Bu materialların “Kitabi-Dədə Qorqud”un tədqiqi tarixinə yeni faktlar qazandırdığı vurğulanıb.

Məruzədə qazax alimlərinin eposla bağlı araşdırmalarına, xüsusilə qəhrəman qadın obrazlarının və oğuz cəmiyyətində qadın idealının öyrənilməsinə də yer verilib. Bununla yanaşı, Korqudun epik irsinin müxtəlif türk xalqlarının elmi mühitində araşdırılması məsələləri nəzərdən keçirilib.

Sonda “Kitabi-Dədə Qorqud”un çoxşaxəli tədqiqinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Drezden və Vatikan nüsxələrinin, eləcə də yeni əlyazma materiallarının müasir elmi metodlarla araşdırılmasının eposun tarixi, mədəni və folklor xüsusiyyətlərinin daha dərindən öyrənilməsinə imkan yaratdığı qeyd olunub.

Məruzədən sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar səsləndirilib. Suallar məruzəçi tərəfindən cavablandırılıb, dastanın rus türkologiyasında tədqiqi və müasir qorqudşünaslığın aktual məsələləri ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: