Müzakirə AHİK-in tədbirlər planına əsasən üzv və tabe təşkilatlarda görüşlərin keçirilməsinə uyğun olaraq AMEA AHİ-də həyata keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni Nizamnaməsindən irəli gələn vəzifələrin icrası və AMEA AHİ-nin Nizamnaməsinin bu vəzifələrlə qarşılıqlı şəkildə həyata keçirilməsi, həmkarlar ittifaqı üzvlərinə maddi yardımların verilməsinə dair qaydaların müzakirəsi, eləcə də AHİK+ platformasının təqdimatı məsələləri diqqət mərkəzində olub.
Görüşdə AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Üzv, tabe və tərəfdaş təşkilatlarla iş və maarifləndirmə şöbəsinin müdiri İlahə Abbaszadə, AMEA AHİ-nin Rəyasət Heyəti və aparat işçiləri, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri və əməyin mühafizəsi üzrə məsul şəxslər iştirak ediblər.
İclası açan AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxışında ilk həmkarlar ittifaqı təşkilatları ilə işin səmərəli təşkili, üzv və tabe təşkilatların fəaliyyətinin əlaqələndirilməsi, qarşıya çıxan məsələlərin operativ həlli və sosial müdafiə tədbirlərinin ədalətlilik prinsipləri əsasında həyata keçirilməsinə dair həyata keçirilmiş işlərdən danışıb. O, AHİK-in fəaliyyətində yeni mərhələnin başlanması, həyata keçirilən islahatlar və bu proseslərin həmkarlar ittifaqlarının fəaliyyətinin təkmilləşdirilməsinə verdiyi töhfələrə toxunub. Sədr həmkarlar ittifaqı üzvlərinə maddi yardım göstərilməsi prosesində şəffaflığın və obyektivliyin təmin edilməsinin əhəmiyyətini qeyd edərək, Akademiya əməkdaşlarına dəstəyin müəyyən edilmiş qaydalar çərçivəsində daha da səmərəli şəkildə həyata keçirildiyini bildirib.
Sədr AHİK-in yeni Nizamnaməsinin qəbulunu həmkarlar ittifaqlarının fəaliyyətində mühüm yenilik kimi dəyərləndirib. Sənədin təşkilatların işinə yeni yanaşmalar gətirdiyi və qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verməklə yeni fəaliyyət proqramı olduğu diqqətə çatdırılıb.
Sənan Həsənov AMEA Azad Həmkarlar İttifaqının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə yüksək əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayaraq, qarşılıqlı əlaqələrin həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması, sosial müdafiəsinin gücləndirilməsi və təşkilati fəaliyyətin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Sədr bu əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu ifadə edərək, birgə fəaliyyətin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Üzv, tabe və tərəfdaş təşkilatlarla iş və maarifləndirmə şöbəsinin müdiri İlahə Abbaszadə çıxış edib. Şöbə müdiri üzv, tabe və ilk həmkarlar ittifaqı təşkilatları ilə müntəzəm görüşlərin keçirilməsinin, onların təklif və müraciətlərinin dinlənilməsinin, mövcud problemlərin müzakirə olunmasının və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən danışıb.
İlahə Abbaszadə həmkarlar ittifaqlarının fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, rəqəmsallaşma imkanlarından istifadə və təşkilatlarda iş proseslərinin daha səmərəli qurulması istiqamətində görülən işlərə toxunub. Həmkar üzvlərə maddi yardım göstərilməsi ilə bağlı qaydaların aydın meyarlar əsasında müəyyənləşdirilməsinin şəffaflığın və ədalətli yanaşmanın təmin olunmasına xidmət etdiyini bildirib. Həmçinin AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyətindən bəhs edərək, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial və digər hüquqlarının müdafiəsi istiqamətində hüquqi dəstək göstərdiyini bildirib.
Daha sonra iclasda AHIK-in İnformasiya texnologiyaları və rəqəmsal idarəetmə şöbəsinin mütəxəssisi Xədicə Həsənova AHİK+ loyallıq platforması təqdim olunub. Təqdimat zamanı platformanın imkanları, qeydiyyat qaydaları və tərəfdaş şirkətlərin təqdim etdiyi güzəştlər barədə məlumat verilib. Qeyd olunub ki, həmkarlar ittifaqı üzvlərinin platformanın imkanlarından daha geniş yararlanması üçün maarifləndirmə işinin gücləndirilməsi, üzvlərin qeydiyyata təşviq olunması və onların təkliflərinin nəzərə alınması vacibdir.
Tədbirdə həmçinin AHİK-in fəaliyyəti və son dövrdə həyata keçirdiyi işləri əhatə edən videoçarx nümayiş etdirilib.
Yekunda maddi yardımların göstərilməsi qaydaları, AHİK+ platformasının imkanları, həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsi və təşkilatlarla işin təkmilləşdirilməsi məsələləri dialoq formatında müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İlk təşkilatların sədrlərini maraqlandıran bir sıra suallara aydınlıq gətirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.