Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.11.2026 10:00
  • A-
  • A
  • A+

Gəncədə nizamişünaslığın aktual problemlərinə həsr olunmuş II beynəlxalq elmi konfrans keçirilib

Gəncədə nizamişünaslığın aktual problemlərinə həsr olunmuş II beynəlxalq elmi konfrans keçirilib

Nizami Gəncəvi XII əsrin Azərbaycan torpağında doğulub, lakin yaradıcılığı ilə sərhədləri, dövrləri və mədəni məkanları aşan dahi şair və mütəfəkkirdir. O, Azərbaycan xalqının milli iftixarı, Türk dünyasının ortaq mənəvi sərvəti, eyni zamanda ümumbəşəri mədəniyyətin ən nadir simalarından biridir. Nizami poeziyası Şərq ilə Qərbin, keçmişlə gələcəyin, ağılla hissin, elmlə irfanın qovuşduğu zəngin bir ideya aləmidir.

Dahi sənətkarın “Xəmsə“si yalnız poetik mükəmməlliyi ilə deyil, ümumbəşəri problemlərə yanaşması ilə də seçilir. Ədalət, insan və cəmiyyət münasibətləri, elmin və biliyin ucalığı, məhəbbətin saflaşdırıcı gücü, ideal dövlət və hökmdar obrazı, xalqlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət – Nizami yaradıcılığının mərkəzində dayanan bu məsələlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Şairin qəhrəmanlarında humanizm, yüksək əxlaq və mənəvi kamillik idealı təcəssüm olunur; onun əsərləri müxtəlif xalqların ədəbiyyatına, incəsənətinə və fəlsəfi düşüncəsinə güclü təsir göstərmiş, əsrlər boyu dünyanın bir çox dillərinə tərcümə edilərək öyrənilmişdir.

Məhz buna görə Nizami Gəncəvi təkcə klassik ədəbi irsin nümayəndəsi deyil, zamanın sınağından çıxmış, hər dövrdə yenidən oxunan və yeni mənalar kəşf olunan canlı mənəvi mühitdir. Onun irsi Azərbaycanın dünya mədəniyyətinə töhfəsinin ən parlaq təcəssümlərindən biri, Azərbaycann  mədəni kimliyinin əsas dayaqlarından biridir.

Nizami Gəncəvi irsinə dövlət səviyyəsində göstərilən yüksək diqqət müstəqil Azərbaycanın ədəbiyyat-mədəniyyət siyasətinin ayrılmaz tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan klassiklərinin yaradıcılığının dərindən öyrənilməsini, nəşrini və geniş təbliğini milli şüurun və ideologiyanın zənginləşdirilməsinin mühüm şərti hesab etmiş, Nizami irsinə xüsusi önəm vermişdir. Bu ənənə bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Dövlətimizin başçısının 2011-ci ildə Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncam bu istiqamətdə atılmış mühüm addımlardan olmuşdur. 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfərdən sonra isə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli“ elan edilmiş, dahi şairin 880 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı ayrıca sərəncam imzalanmışdır. Zəfər qazanmış xalqın öz böyük mütəfəkkirinin yubileyini ucaltması rəmzi məna daşıyır: bu, həm də Azərbaycanın qalibiyyətinin, tarixi ədalətin bərpasının və milli-mənəvi dəyərlərə sədaqətin ifadəsi idi.

Nizami irsinin qorunması və dünyada tanıdılması sahəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd olunmalıdır. Fondun dəstəyi ilə Nizami irsinin nəşri və təbliği, mədəni-tarixi abidələrin qorunması, beynəlxalq humanitar və mədəni layihələrin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlər görülmüş, dahi şairin adı və əsərləri dünyanın müxtəlif ölkələrində daha geniş auditoriyaya çatdırılmışdır.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla görüşündə Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsinin əhəmiyyətindən bəhs edərkən demişdir: “Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tutdular ki, 840 il yuvarlaq tarix deyil. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”.

Bu müdrik fikir dahi sənətkarın şəxsiyyətinə və yaradıcılığına verilən yüksək qiymətlə yanaşı, Nizami irsinin daim öyrənilməsinin, yeni elmi yanaşmalarla araşdırılmasının və hər bir nəsil tərəfindən daha dərindən dərk edilməsinin zəruriliyini ifadə edən mühüm elmi-ideoloji çağırışdır. Bu gün Azərbaycan nizamişünaslığı da məhz həmin müdrik ideyalar, müəyyənləşdirilmiş elmi və mənəvi prioritetlər əsasında inkişaf edir. Nizami Gəncəvinin yaradıcılığı zaman keçdikcə aktuallığını itirmir, əksinə, müasir dünyanın mənəvi, fəlsəfi, mədəni və ictimai problemləri kontekstində yeni məna çalarları qazanır.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu ənənə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir, Nizami irsinin milli və beynəlxalq miqyasda öyrənilməsi, qorunması və təbliği yeni mərhələyə yüksəldilir. Dahi şairin 885 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans da həmin tarixi ənənənin, Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin həyata keçirdiyi mədəniyyət siyasətinin elmi müstəvidə davamı, Nizami dühasının yaratdığı mənəvi-ideya yoluna sədaqətin ifadəsidir.

Məhz bu baxımdan, AMEA-nın Gəncə Bölməsində keçirilən “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri“ mövzusunda II Beynəlxalq elmi konfrans təkcə növbəti elmi tədbir deyil, Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği istiqamətində formalaşmış dövlətçilik ənənələrinin, milli elmi düşüncənin və beynəlxalq əməkdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət daşıyır.

Mötəbər elmi forum Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Livan, Hindistan, Litva, Pakistan, Almaniya və Rusiya Federasiyasının Kalmıkiya Respublikasından alim və tədqiqatçılar iştirak ediblər. İştirakçı coğrafiyasının genişliyi Nizami irsinə maraqın yalnız Azərbaycan və Türk dünyası ilə məhdudlaşmadığını, bu irsin Şərqdən Qərbə, Cənubi Asiyadan Avropaya qədər geniş məkanda elmi diqqət mərkəzində olduğunu göstərir.

Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edərək müstəqil dövlətimizin banisinin heykəlinin önünə gül dəstələri düzüb, onun əziz xatirəsinə bir daha dərin ehtiram bildiriblər.

Daha sonra konfrans iştirakçıları AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunun qarşısında bu elm ocağında aparılan elmi tədqiqatlardan, o cümlədən nizamişünaslığa aid nailiyyətlərdən bəhs edən sərgi ilə tanış olublar.

Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçıların diqqətinə AMEA-nın Gəncə Bölməsi tərəfindən hazırlanmış kiçik film də təqdim olunub. Videomaterialda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin konfrans iştirakçılarına təbriki də yer alıb.

AMEA Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev beynəlxalq konfransı açaraq iştirakçıları və qonaqları dahi şair və mütəfəkkir Nizaminin doğma yurdu, qədim ilə müasirliyin, milli və ümumbəşəri dəyərlərin qovuşduğu məkan olan Gəncə şəhərində salamlayıb, mötəbər elmi forumun işinə uğurlar arzulayıb. O, həmçinin AMEA prezidenti İsa Həbibbəylinin konfrans münasibətilə iştirakçılara təbrik və xoş arzularını çatdırıb.

Akademik F.Əliyev çıxışında xatırladıb ki, Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi ilk gündən Azərbaycanın müxtəlif əsrlərdə yaşamış klassiklərinin irsinin dərindən öyrənilməsini və geniş təbliğini milli şüur və ideologiyamızın zənginləşməsinə təkan verən başlıca amillərdən hesab edib. Təsadüfi deyil ki, həmin dövrdən bəri klassiklərimizin zəngin dünyası uşaq ədəbiyyatından və dərsliklərdən tutmuş bədii nümunələrə, elmi araşdırmalara, incəsənətə, teatra, kinoya və televiziyaya, musiqi əsərlərinə qədər cəmiyyət həyatının müxtəlif sahələrinə dərindən nüfuz edib.

Akademik, həmçinin Ümummilli Lider Heydər Əliyevin tarix və mədəniyyətimizdə əlamətdar yeri olan Gəncə şəhərinə, eləcə də onun böyük övladı Şeyx Nizaminin milli varlığımızda tutduğu uca mövqeyə daim yüksək qiymət verdiyini qeyd edib. O, Nizami yaradıcılığının və fəlsəfi fikrinin öyrənilməsində Gəncənin elmi mühitinin nümayəndələrinin həmişə aparıcı mövqedə olduğunu vurğulayıb.

Çıxışının sonunda akademik Fuad Əliyev konfrans iştirakçılarından biri, yorulmaz nizamişünas, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədovanı yubiley yaşı münasibətilə təbrik edib, Gəncə Bölməsi adından ona fəxri fərman və hədiyyə təqdim edib.

Açılış iclasında Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov da çıxış edib. O, iştirakçılara Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və uğur arzularını çatdırıb, konfransın keçirilməsini Gəncə alimlərinin növbəti uğuru kimi dəyərləndirib. Y.Bədəlov çıxışında Nizami irsinin mahiyyətinin milli-mənəvi dəyərlərimizin əsaslarından biri kimi formalaşdırılmasında, əsərlərinin geniş miqyasda tədqiqində, nəşrində və təbliğində, o cümlədən yubileylərinin mütəmadi olaraq ən yüksək səviyyədə keçirilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb. O qeyd edib ki, bu yanaşma müasir dövrdə də cənab Prezident İlham Əliyev tərəfindən qlobal miqyasda uğurla davam etdirilir.

Açılış mərasimindən sonra AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarovun moderatorluğu ilə konfransın plenar iclası keçirilib. İclasda Azərbaycan və xarici ölkələrin elm və təhsil ocaqlarını təmsil edən alimlər Nizami yaradıcılığının müxtəlif aspektlərinə dair məruzələrlə çıxış ediblər. Məruzələrin mövzu istiqaməti, ideyası  Nizami irsinin bəşəriliyini, çağdaşlığını bir daha nümayiş etdirib.

Plenar iclasda Əlimuxtar Muxtarov (AMEA Gəncə Bölməsi) “Nizami Gəncəvinin Türk dünyası. Birinci Türkoloji qurultayın 100 illiyi işığında”, Təranə Verdiyeva (AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri) “Nizami Gəncəvinin əsərlərində Gəncənin tarixi taleyi”, Əsmətxanım Məmmədova (Bakı Dövlət Universiteti) “Xaqani Şirvani və Nizami Gəncəvi əsərlərində vurğunun semantik diferensiasiyadakı rolu”, Rüstəm Kamal (Odlar Yurdu Universiteti) “Məmməd Arazın poetik mifologiyasında Nizami Gəncəvi şair arxetipi kimi”, Aysun Çelik (Hacettepe Üniversitesi, Türkiyə) “Türkiye’de Nizami Gencevi çalışmaları ve bibliyometrik bir analiz”, Xuraman Hümmətova (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu) “Nizami Gəncəvi irsinin Mövlana Rumi yaradıcılığında əksinin konseptualliği”, Tahirə Günəş (Vilnüs, Litva) “Nizami Gəncəvi və urdu dili: tərcümə yoluyla linqvistik körpü”, Bella Musayeva (Bakı Slavyan Universiteti) “Гуманистические основы мультикультурализма в поэзии Низами Гянджеви”, Zəhra Allahverdiyeva (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu) “Nizami Gəncəvinin “Xəmsə“ ənənəsi və Xacu Kirmani yaradıcılığı”, Səadət Məmmədova (Üsküdar Üniversitesi Təsəvvüf Araştırmaları Enstitüsü, Türkiyə) “Nizami Gencevi’nin mesnevilerinde aşkın tasavvufi boyutları”, Aleyna Malkoç (İstanbul Üniversitesi, doktorant) “Nizami’nin izinde: geç dönem Çağatay Türkçesinde mensur bir İskendername nüshası üzerine”, Atəmi Mirzəyev (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu) “Azərbaycan epik şeirində “Leyli və Məcnun“ mövzusu: Nizamidən Füzuliyə doğru”, Əzizağa Nəcəfov (Qarabağ Universiteti) “Nizami Gəncəvi yaradıcılığında peyğəmbər obrazları”, Xatirə Yusifova (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) “Müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri: Nizami yaradıcılığının rəqəmsal humanitar elmlər kontekstində tədqiqi”, Mərziyyə Nəcəfova (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu) “Nizami Gəncəvi yaradıcılığında bəşəri və multikultural dəyərlər”, Könül Hacıyeva (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu) “Nizami Gəncəvinin əsərlərində etik dəyərlər sistemi: əxilik və multikultural birgəyaşayışın poetik təcəssümü”, Xoşbəxt Əliyeva (Azərbaycan Dövlət Pedaqoji Universiteti) “Nizami poeziyasında türk qadın arxetipi”, Afaq Yusifli (Gəncə Dövlət Universiteti) “Nizami Gəncəvinin “Mahanın nağılı” hekayəsi və N. Hotornun “Gənc Qudman Braun“ novellası arasında paralelizmlər”, Şəhla Məcidova (Şirvan şəhər 16 nömrəli orta məktəbin dil-ədəbiyyat müəllimi) “Xosrov və Şirin“ poemasında “Kəlilə və Dimnə“ hekayətləri”, Sevinc Nuriyeva (AMEA akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutu) “Əbədi həyat axtarışında olan qəhrəmanlar – şumerlərin Bilqamısı Nizaminin İskəndərinin prototipidir?”, Mirzəhra Hüseynzadə (ADPU-nun Cəlilabad Filialı, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi“ ixtisasının 4-cü kurs tələbəsi) “Nizami poeziyasında didaktik şeirin irfani qatları”, Bayram Apoyev (Gəncə Dövlət Universiteti) “Professor Mərdan Muradxanov pedaqoji nizamişünaslığın banisi kimi” və Zəkiulla Bayramlı (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu) “Nizamişünaslığın şah əsəri” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə Nizami irsinin Türk dünyası ilə əlaqələri, onun Şərq poeziyası ənənəsi içindəki yeri, sələf və xələflərlə ədəbi-ideya bağları, təsəvvüf və irfan qatları, bəşərilik və multikultural birgəyaşayış ideyaları, habelə rəqəmsal humanitar elmlər kontekstində yeni tədqiqat imkanları kimi aktual məsələlər geniş müzakirə olunub. Xüsusilə, Nizami poetikasının müasir elmi metodologiya və rəqəmsal texnologiyalarla öyrənilməsi istiqamətində irəli sürülən fikirlər nizamişünaslığın gələcək inkişaf perspektivləri baxımından diqqət çəkib.

Plenar iclasdan sonra konfrans öz işini “Nizami Gəncəvi və Türk dünyası”, “Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”, “Nizami Gəncəvi yaradıcılığında din və irfan”, “Nizami Gəncəvi və incəsənət”, “Nizami Gəncəvi yaradıcılığında bəşərilik və birgəyaşayış məfhumu”, “Nizami Gəncəvi: sələflər və xələflər” və “Müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri” adlı 8 bölmə üzrə davam etdirib.

Qeyd edək ki, beynəlxalq konfransa qəbul olunmuş 251 məqalə ümumi həcmi 1250 səhifə olmaqla 4 cilddə nəfis şəkildə nəşr edilib və iştirakçılara təqdim olunub. Bu külli miqdarda elmi material nizamişünaslığın müasir dövrdə hansı geniş tədqiqat sahəsinə çevrildiyini, Nizami irsinə maraqın nə qədər dərin və çoxşaxəli olduğunu əyani şəkildə təsdiqləyir.

Konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinin, Nizami Gəncəvi Muzeyinin, eləcə də Gəncənin tarixi abidələrinin və məkanlarının ziyarəti ilə yekunlaşıb.

Ölkəmizdən və xaricdən gələn qonaqlar eyni zamanda Gəncə Dövlət Milli Dram Teatrının rəhbərliyinin dəstəyi ilə Qurban Səidin “Əli və Nino” tamaşasının premyerasında iştirak ediblər.  

Gəncədə keçirilən II beynəlxalq elmi konfrans Nizami Gəncəvi irsinin öyrənilməsində yeni mərhələnin göstəricisi, Azərbaycan nizamişünaslığının beynəlxalq əlaqələrinin möhkəmlənməsinin və dahi mütəfəkkirin ideyalarının müasir dünyaya ötürülməsinin mühüm nümunəsi olmuşdur. Nizami dühası əsrlərdən sonra da xalqları ortaq insani dəyərlər ətrafında birləşdirməyə, elm və mədəniyyət körpülərini möhkəmləndirməyə xidmət etməkdə davam edir.

  • Paylaş: