“Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzində alimlərin və QHT təmsilçilərinin iştirakı ilə “Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda ictimai müzakirə-seminar təşkil edilib.
Tədbiri giriş sözü ilə açan “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev Mərkəzin ilk ictimai müzakirəsində “Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunun seçilməsinin təsadüfi olmadığını, Azərbaycan xalqının etnogenezində və xalqın formalaşmasında önəmli rol oynamış türkman tayfalarının irsini öyrənən bir mərkəzdə alimlər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə belə bir müzakirənin təşkilinin faydalı olacağına inamını ifadə edib.
Orxan İsayev qeyd edib ki, xalqın formalaşması prosesini öyrənmədən Azərbaycançılıq məfkurəsini anlamaq mümkün deyil. XIX əsrdə Cəmaləddin Əfqani yaradıcılığında rüşeymləri sezilən, Əli bəy Hüseynzadə ilə ideologiya səviyyəsinə qalxan, sovet hakimiyyəti illərində Ümummilli Lider Heydər Əliyevlə xalqın milli-mənəvi dəyərlərinin, etnik kimliyinin mühafizəsinə çevrilən və bu gün cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin ana xəttini təşkil edən Azərbaycançılıq məfkurəsi cəmiyyəti yad ünsürlərdən qoruyan ən önəmli vasitədir. Orxan İsayevin sözlərinə görə cənab Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında səsləndirdiyi “ideoloji risklər fiziki risklər qədər təhlükəlidir” fikri bizim Azərbaycançılıq məfkurəsinə nə qədər bağlı qalmalı olduğumuzu bir daha göstərir.
Daha sonra çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Abid Tahirli Azərbaycançılıq ideologiyasının tarixi inkişaf dövrlərindən və Azərbaycan mühcirətinin nümayəndələrinin bu məfkurəyə nə qədər sadiq qalmasından söz açıb.
Azərbaycan Milli QHT Forumunun idarə heyətinin üzvü Zaur İbrahimli dünya xalqlarının öz milli kimliklərinə geri dönməsini və milli ideoloji düşüncənin qloballaşan dünyada önəmli bir dəyər çevrildiyini qeyd edib. O qeyd edib ki, müxtəlif istiqamətlərdən Azərbaycana yönələn ideoloji təzyiqlərə yalnız Azərbaycançılıq məfkurəsi ilə cavab vermək olar.
AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı klassik azərbaycançılıqdan neoazərbaycançılıq məfkurəsinə keçməyin zamanının çatdığını bildirib. Tarixçi alim qeyd edib ki, bu gün Azərbaycanın hüdudlarından kənarda yaşayan və özlərini Azərbaycan xalqının bir hissəsi kimi hiss edən soydaşlarımızı da məhz bu neoazərbaycançılıq ideologiyası ilə yenidən özümüzə qaytara bilərik. Bunun əsasında Səfəvi dövlətinin tarixi irsinə sahib çıxmağımız dayanır.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru Şahbaz Musayev Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadənin əsərlərində yer alan fikir və düşüncələrin Azərbaycançılıq məfkurəsinin yaranmasında oynadığı roldan danışıb.
AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Azərbaycançılıq məfkurəsinin ölkəmizdə yaşayan bütün xalqları birləşdirdiyini qeyd edib. Onun sözlərinə görə, dini və etnik fərqliliklər Azərbaycan cəmiyyətinin özünəməxsus cəhətlərindən biridir və bütün bunlar Azərbaycançılıq ideologiyası ətrafında bölünməz və vahid şəkildə dövlətçiliyimizə xidmət edir.
Daha sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad, AMEA Folklor İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyeva, “Elm və həyat” jurnalının məsul katibi Sərvan Kərimov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Almaz Mahmud, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Əminə Məmmədova, “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin əməkdaşı Şəfəq Ağalarlı çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.