AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib.
İclası İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Ölkə prezidenti İlham Əliyevin YAP-ın VIII qurultayında və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı və qarşıda duran vəzifələr haqqında danışan professor bildirib ki, hər iki mühüm tədbirdə dövlət başçısı ölkəmizin gələcək strateji hədəflərini müəyyənləşdirib. Qeyd olunub ki, ölkə başçısının çıxışlarında yeni geosiyasi reallıqlar, idarəetmə modelinin təkmilləşdirilməsi, Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, ideoloji təhlükəsizlik və dövlət-partiya vəhdəti, eyni zamanda, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin qorunması, müxtəlif etnik-dini qrupların sülh şəraitində birgə yaşaması, Azərbaycan cəmiyyətinin bütün məsələlərdə sarsılmaz birlik nümayiş etdirməsi kimi mühüm məsələlər vurğulanıb.
Sonra professor Əbülfəz Quliyev AMEA Naxçıvan Bölməsinin 25 illik yubileyi və kitab hazırlığı, 2027-ci ilin nəşr planı və yeni nəşrlər, gənc alimlərin beynəlxalq konfransa hazırlığı və laborantların iş planı, nizam-intizam haqqında danışaraq institut əməkdaşlarına müvafiq tapşırıqlar verib.
İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov illik hesabatların hazırlanması və şöbələrdə müzakirələrin təşkili, beynəlxalq konfranslarda iştirak və cari məsələlər barədə ətraflı məlumat verib.
Bölmənin Rəqəmsallaşma və süni intellekt şöbəsinin müdiri Səkinə Cümşüdova “Süni intellekt dövründə Azərbaycan: rəqəmsal savadlılıq və elmdə yeni imkanlar” mövzusunda məruzə edib. O, rəqəmsallaşma və süni intellektin müasir dövrün reallığı və dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, bu sahənin inkişafı ilə bağlı müxtəlif fərman, sərəncam və dövlət proqramlarının qəbul edildiyini bildirib. Məruzəçi elmi irsin rəqəmsallaşdırılması və qorunması, beynəlxalq elmi informasiya mühitinə inteqrasiya, elmmetrik göstəricilərin obyektiv qiymətləndirilməsi, eləcə də akademik mühitdə süni intellektin tətbiqinin alimlər qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd edib.
Səkinə Cümşüdova çıxışında həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşları üçün təşkil olunan “Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramının əhəmiyyətini diqqətə çatdırıb və iştirakçıların suallarını cavablandırıb.
Sonda institutun Ədəbiyyatşünaslıq şöbəsinin kiçik elmi işçisi Natavan İbrahimovanın “Keçid dövrü Naxçıvan bədii nəsri: təkamülü və problematikası” mövzusunda elmi seminarı dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.