Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.11.2026 15:58
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Türk Dövlətləri Təşkilatının iqtisadi potensialına həsr olunmuş elmi seminar keçirilib

Şərqşünaslıq İnstitutunda Türk Dövlətləri Təşkilatının iqtisadi potensialına həsr olunmuş elmi seminar keçirilib

Noyabrın 2-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Türk Dövlətləri Təşkilatının iqtisadi potensialı” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva son illər ərzində Türk Dövlətləri Təşkilatının (TDT) qlobal və regional müstəvidə fəaliyyətinin sürətlə artmasını, eləcə də ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın yeni keyfiyyət mərhələsinə qədəm qoymasını bildirib. Qeyd edib ki, bu dinamik proseslərin elmi müstəvidə dərindən təhlil olunması və iqtisadi potensialımızın reallaşdırılması istiqamətində müzakirələrin aparılması bu gün xüsusi aktuallıq kəsb edir.

Seminarda iqtisad elmləri doktoru, professor Fuad Qənbərov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Məruzədə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialı, təbii resursları, demoqrafik imkanları, xarici ticarət əlaqələri və regional iqtisadi inteqrasiyanın inkişaf perspektivləri təhlil olunub.

Bildirilib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın ümumi iqtisadi potensialı regionun qlobal iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi üçün mühüm imkanlar yaradır. Təqdim olunan hesablamalara əsasən, 2025-ci ildə bu altı ölkənin məcmu ümumi daxili məhsulu 2 trilyon ABŞ dollarını ötüb, qarşılıqlı ticarətinin həcmi isə 31 milyard dollardan çox olub.

Məruzədə TDT ölkələri arasında ticarətin strukturu, enerji və qeyri-enerji sektorlarının rolu, qarşılıqlı investisiya imkanları, eləcə də Orta Dəhlizin və digər nəqliyyat-kommunikasiya layihələrinin regional iqtisadi əməkdaşlığa təsiri xüsusi diqqət mərkəzində olub.

Professor Fuad Qənbərov qeyd edib ki, türk dövlətlərinin zəngin təbii resurslara, əlverişli coğrafi mövqeyə və geniş insan kapitalına malik olmasına baxmayaraq, mövcud iqtisadi potensialdan hələ tam istifadə edilmir. İqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ticarət maneələrinin azaldılması, nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi və birgə istehsal zəncirlərinin yaradılması əsas prioritetlər kimi qiymətləndirilib.

Seminarda, həmçinin Türk Dövlətləri Təşkilatının iqtisadi inkişaf perspektivlərinin araşdırılmasında şərqşünaslıq elminin roluna toxunulub. Tarixi İpək Yolunun müasir nəqliyyat dəhlizləri ilə müqayisəli tədqiqi, ortaq dil və mədəni dəyərlərin iqtisadi əməkdaşlığa təsiri, eləcə də regional güclərin türk dövlətləri ilə münasibətlərinin öyrənilməsi mühüm elmi istiqamətlər kimi təqdim olunub.

Seminarın sonunda mövzu ətrafında müzakirələr keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: