Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.11.2026 16:38
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda “Türk dillərində areal toponimlər” mövzusunda məruzə dinlənilib

Dilçilik İnstitutunda “Türk dillərində areal toponimlər” mövzusunda məruzə dinlənilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi seminarında Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovun “Türk dillərində areal toponimlər” mövzusunda məruzəsi dinlənilib.

Seminarın açılışında çıxış edən Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli areal toponimlərin müqayisəli tədqiqinin elmi əhəmiyyətindən danışıb. O qeyd edib ki, toponimlər dilin ən qədim leksik qatlarından birini təşkil edir. Coğrafi adlar tarixi dövrlərdə baş vermiş etnik, miqrasiya və məskunlaşma proseslərinin izlərini özündə yaşadan, xalqın tarixi yaddaşını qoruyub saxlayan mühüm dil vahidləridir.

Bildirilib ki, areal dilçilik baxımından toponimlərin tədqiqi müəyyən dil hadisələrinin coğrafi yayılma sərhədlərinin, müxtəlif ərazilərdə qeydə alınan paralel formalarının və qarşılıqlı əlaqələrinin müəyyənləşdirilməsinə imkan yaradır.

Elmi seminarın sədri, professor Sayalı Sadıqova türk dillərində areal toponimlərin öyrənilməsinin elmi və nəzəri əhəmiyyətinə toxunub. O bildirib ki, bu istiqamətdə aparılan tədqiqatlar ortaq leksik və etnomədəni irsin müəyyənləşdirilməsi, qədim məskunlaşma areallarının araşdırılması, eləcə də türk xalqları arasında tarixi əlaqələrin dil materialları əsasında izlənilməsi baxımından aktualdır.

Daha sonra məruzə ilə çıxış edən dosent Elçin İsmayılov türk dillərində areal toponimlərin xüsusiyyətləri, onların müxtəlif coğrafi məkanlarda yayılması və paralel variantları haqqında məlumat verib. Tədqiqatçı Tatar, Quşçular, Padar və Qaraqoyunlu toponimlərinin paralel formalarını təqdim edərək həmin coğrafi adların müxtəlif türk arealları üzrə müqayisəli öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd olunub ki, müxtəlif coğrafi ərazilərdə müşahidə edilən toponimik paralellər tarixi yayılma areallarının, etnik-mədəni əlaqələrin və dil xüsusiyyətlərinin araşdırılması üçün mühüm tədqiqat materialıdır. Bununla belə, toponimlərin zahiri və fonetik oxşarlığı onların mütləq eyni mənşəyə malik olduğunu təsdiqləmir. Belə adların etimoloji mənşəyinin müəyyənləşdirilməsi üçün tarixi yazılış formalarının, fonetik dəyişmələrinin, struktur xüsusiyyətlərinin və tarixi-coğrafi kontekstinin kompleks şəkildə təhlili vacibdir.

Elmi seminar çərçivəsində təqdim olunan məruzə türk dillərinin toponimik sistemində mövcud olan paralellərin müqayisəli-linqvistik aspektdə araşdırılması, coğrafi adların tarixi inkişaf xüsusiyyətlərinin və yayılma areallarının öyrənilməsi baxımından maraq doğurub.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: