AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsi tərəfindən “Fövqəladə halların ətraf mühitə və insanlara olan təsirləri, fövqəladə hallar zamanı davranış qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları” mövzusunda seminar keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin Hərbi, döyüş və xüsusi xilasetmə hazırlığı şöbəsinin baş inspektoru, daxili xidmət mayoru Mircamal Seyidov məruzə ilə çıxış edib. Məruzədə muxtar respublika ərazisi üçün səciyyəvi olan fövqəladə hallar, onların xüsusiyyətləri, yanğın hadisəsi zamanı davranış və təxliyə qaydaları, yaşayış evlərində qaz və elektrik cihazlarından təhlükəsiz istifadə qaydaları, məişətdə dəm qazı təhlükəsindən qorunmanın mümkün yolları və yanğın təhlükəsizliyi sahəsində müəssisələrin, vətəndaşların hüquq və vəzifələri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, hər kəs Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə və Dövlət Yanğından Mühafizə Xidmətinin 101 nömrəsinə fövqəladə hallar zamanı operativ kömək almaq üçün müraciət edə bilərlər.
Tədbir müddətində iştirakçılara zəlzələ, yanğın zamanı davranış qaydaları, dəm qazı, məişətdə yanğınlar və odsöndürücü balonlarından istifadə qaydaları ilə bağlı slayd və videoçarxlar təqdim edilib.
Sonda akademik İsmayıl Hacıyev seminarın təşkilinə görə bölmə kollektivi adından minnətdarlıq edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.