Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zəfərimizin elmi salnaməsi: Qarabağın təbiətinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi
03.11.2026 22:12
  • A-
  • A
  • A+

Zəfərimizin elmi salnaməsi: Qarabağın təbiətinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə dövlətçilik salnaməmizin ən şanlı səhifələrindən biridir. 8 Noyabr – Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin və torpaqlarımıza bağlılığımızın təcəssümüdür. Bu Zəfər yalnız ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də uzun illər doğma torpaqlarımızda tədqiqat aparmaq imkanından məhrum olmuş alimlərimizin həmin ərazilərə qayıdışı ilə əlamətdardır. İşğaldan azad edilmiş ərazilərdə elmi fəaliyyətin bərpası Azərbaycan botanika elmi üçün yeni mərhələnin başlanğıcıdır.

Bu fikirləri açıqlamasında Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva bildirib.

Professor qeyd edib ki, Botanika İnstitutu tərəfindən Qarabağ florasının öyrənilməsi istiqamətində ekspedisiya materiallarının toplanması, herbari nümunələrinin araşdırılması, elmi məlumatların elektron bazalarda sistemləşdirilməsi və müxtəlif bitki qruplarının bioekoloji xüsusiyyətlərinin tədqiqi istiqamətində işlər aparılır. İnstitutun elmi fəaliyyətində rəqəmsallaşdırma istiqaməti də mühüm yer tutur. Hazırda Herbari Fondunun 21 min 200 nümunəsi virtual bazaya yerləşdirilib. Onlardan 10 min 500-ü Qarabağ ərazilərinə aiddir. Bu məlumatlar regionun bitki müxtəlifliyinin sənədləşdirilməsi, elmi tədqiqatların davamlılığı və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir. Qarabağın təbiətinin öyrənilməsi yalnız mövcud bitki növlərinin qeydə alınması ilə məhdudlaşmamalıdır. Burada təbii ekosistemlərin vəziyyətinin qiymətləndirilməsi, antropogen təsirlərin araşdırılması, deqradasiyaya uğramış ərazilərin bərpası və nadir növlərin mühafizəsi də kompleks yanaşma tələb edir. Bu istiqamətdə aparılan elmi araşdırmalar regionun ekoloji tarazlığının qorunmasına və təbii sərvətlərdən səmərəli istifadəyə xidmət edir.

O, həmçinin qeyd edib ki, Qarabağın botaniki irsinin gələcək nəsillərə çatdırılmasında elmi nəşrlərin xüsusi rolu var. Bu baxımdan “Qarabağ florası” adlı 900 səhifəlik fundamental əsər regionun bitki aləminin öyrənilməsi istiqamətində mühüm elmi mənbə kimi dəyərləndirilir. Nəşrdə aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi Qarabağın zəngin təbii irsinin elmi dövriyyəyə daxil edilməsinə imkan yaradır. Zəfərdən sonra alimlərin üzərinə düşən məsuliyyət daha da artıb. Çünki azad edilmiş torpaqlarda elmi tədqiqatların aparılması, təbii sərvətlərin qorunması və əldə olunan nəticələrin ictimaiyyətə çatdırılması ölkənin gələcək inkişafına xidmət edən mühüm istiqamətlərdəndir.

İnstitut direktoru əlavə edib ki, Zəfər Gününün mahiyyəti yalnız qazanılmış tarixi Qələbəni xatırlamaq deyil, həm də azad edilmiş torpaqlarda quruculuq, inkişaf və elmi tərəqqi naminə görülən işləri dəyərləndirməkdir. Qarabağın hərtərəfli öyrənilməsi, onun təbii və bioloji sərvətlərinin qorunması Azərbaycanın gələcək inkişafına, milli irsinin zənginləşdirilməsinə xidmət edir.

Qarabağın təbiəti xalqımızın minilliklər boyu formalaşmış milli sərvətinin bir parçasıdır. Bu sərvətin elmi əsaslarla öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi Zəfərin yaratdığı imkanlardan səmərəli istifadənin göstəricisidir. Bu gün alimlərin apardığı tədqiqatlar azad Qarabağın yalnız iqtisadi və sosial deyil, həm də elmi və ekoloji dirçəlişinə xidmət edir. “Zəfər bizə doğma torpaqlarımıza qayıtmaq, onların zəngin təbiətini yenidən öyrənmək və elmi irsimizi genişləndirmək imkanı qazandırdı. Bu gün hər bir alim öz fəaliyyəti ilə azad Qarabağın inkişafına, təbii sərvətlərinin qorunmasına töhfə verməlidir. İnanırıq ki, apardığımız tədqiqatlar gələcək nəsillər üçün dəyərli elmi xəzinəyə çevriləcək”, – deyə professor Səyyarə İbadullayeva bildirib.

AzərTac

  • Paylaş: