Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2016 10:03
  • A-
  • A
  • A+

"İqlim dəyişikliyi, enerji, sağlamlıq" mövzusunda məlumatlandırma tədbiri keçirilib

"İqlim dəyişikliyi, enerji, sağlamlıq" mövzusunda məlumatlandırma tədbiri keçirilib

Qafqaz Universitetində AMEA və Avropa Komissiyasının dəstəyi ilə “Horizon-2020” Proqramı çərçivəsində "İqlim dəyişikliyi, enerji, sağlamlıq" mövzusunda məlumatlandırma tədbiri keçirilib.  

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Fransanın Milli Elmi Araşdırma Mərkəzi və Pasteur İnstitutunun, Macarıstanın Elm və İnkişaf üzrə Regional Mərkəzinin, Ukraynanın Odessa Dövlət Ekologiya Universitetinin nümayəndələri də daxil olmaqla, müvafiq sahələr üzrə fəaliyyət göstərən 80-dən artıq alim və mütəxəssis iştirak edib.

Tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Avropa İttifaqının “Horizon-2020” proqramının mahiyyəti, icra prinsipləri və əhatə dairəsi barədə məlumat verib. Ə.Saniç rəhbərlik etdiyi universitetin bu proqram çərçivəsində həyata keçirilən tədbirləri dəstəklədiyini bildirib. Qeyd edib ki, tədbir alim və mütəxəssislərin müxtəlif layihələrdə iştirakının təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi baxımdan faydalıdır.

Sonra AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva "İqlim dəyişikliyi, enerji, sağlamlıq" mövzusunda keçirilən növbəti məlumatlandırma tədbirinin AMEA-da baş tutacağını bildirib. Rəis müavini Avropa İttifaqının tədqiqat və innovasiya üzrə proqramı olan “Horizon-2020” layihəsinin alimlərin elmi ideyalarının həyata keçirilməsinə böyük dəstək verdiyini vurğulayıb.

Tədbirdə AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elxan Səbziyev, həmin institutun Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Təhlükəsizlik və Enerji Tədqiqatları Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Ceyhun Mahmudlu və AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev proqrama dair məruzələrlə çıxış ediblər.

Tədbir öz işini “Sağlamlıq və rifah”, “İqlim dəyişikliyi və ətraf mühit” və “Enerji” seksiyaları üzrə davam etdirib.

Tədbirin yekunu 2 iyun 2016-cı il tarixində AMEA-nın Əsas binasında baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: