Ankarada keçirilən XX Türk Tarix Konqresində AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri arxeologiya sahəsində apardıqları tədqiqatların nəticələrini təqdim ediblər.
Konqresdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov “Əmirvar meqalitik kurqanları və Son Tunc - Erkən Dəmir dövrü məzarlıqlarında ritual təsvirlər: köçəri toplumların mədəni irsi” mövzusunda məruzə ilə çıxış edib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Lola Hüseynova isə “Azərbaycandakı Xocalı-Gədəbəy mədəniyyətində Son Tunc və Erkən Dəmir dövrlərinə aid daş qutu məzarları və kurqan ənənəsi” adlı məruzəsini təqdim edib.
Tədqiqatlarda Azərbaycanın qədim dəfn adətləri, meqalitik abidələri, ritual təsvirləri və Xocalı–Gədəbəy mədəniyyətinin arxeoloji xüsusiyyətləri elmi müzakirəyə çıxarılıb.
Qeyd edək ki, Türk Tarix Konqresi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün təşəbbüsü ilə təsis edilmiş və Türkiyənin Kültür və Turizm bakanlığı Atatürk Kültür, Dil və Tarih Yüksek Kurumu və Türk Tarix Kurumu tərəfindən hər dörd ildən bir Ankarada təşkil olunan nüfuzlu elmi tədbirlərdən biridir. XX Türk Tarix Konqresində 30-dan çox ölkədən 300-dən artıq alim iştirak edib, beş gün ərzində davam edən konqresin 65 elmi sessiyasında ümumilikdə 260-adək məruzə təqdim olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.