Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.11.2026 12:02
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları I Kəlbəcər Aşıq festivalına həsr edilən tədbirdə iştirak ediblər

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları I Kəlbəcər Aşıq festivalına həsr edilən tədbirdə iştirak ediblər

Məlum olduğu kimi, may ayından başlayaraq ölkəmizdə I Kəlbəcər Aşıq festivalı öz işinə başlayıb. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Konservatoriyası (AMK), Kəlbəcər Rayon İcra  Hakimiyyəti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı və Azərbaycan Aşıqlar birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Bu yaxınlarda AMK-da Festivala həsr olunmuş mətbuat konfransı təşkil olunub. Mətbuat konfransından sonra Konservatoriyada “Müasir dövrdə aşıq sənətinin tədrisi məsələləri: problemlər və perspektivlər” mövzusunda “Dəyirmi masa” keçirilib. Konfransda görkəmli alimlər, aşıqlar və digər aidiyyəti şəxslər iştirak edib. “Dəyirmi masa”ya AMK-nın rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaşzadə sədrlik edib.

“Dəyirmi masa”da AMEA Memarlıq və İncəsənət İnstitututu “Musiqi folkloru” şöbəsinin müdiri sənətşünaslıq doktoru, professor İradə Köçərli də iştirak edib. Dəyirmi masada iştirak edən alimlər İradə Köçərlinin, ilk dəfə olaraq, Mədəniyyət və İncəsənət Universitetində, “Aşıq sənəti” ixtisasının açılmasında, redaktoru olduğu ilk “Tədris Proqramı”nın (prof. M.Qasımlı) yazılmasında rolunu xüsusi olaraq vurğulamışlar. İ.Köçərli, çıxış zamanı, aşıq sənəti ixtisasının təhsil sahəsindəki əhəmiyyətini qeyd edib, bildirib ki, bu addım aşıq sənətinin elmi və peşəkar əsaslarla öyrədilməsinə, gənc istedadların üzə çıxarılmasına və ustad-şagird ənənəsinin davam etdirilməsinə mühüm töhfə verməkdədir. Professor İ.Köçərli eyni zamanda, ixtisasın tədrisi, inkişafı və qarşıda duran problemlər – xüsusilə, dastançılıq ənənələrinin dirçəldilməsi haqqında fikirlərini söyləyib. 

Tədbirdə iştirak edən “Musiqi folkloru” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sənubər Bağırova da müasir dövrdə aşıq sənətinin problemləri haqqında fikirlərini bölüşüb. O, aşıq sənətinin milli-mədəni irsimizin qorunması və yaşadılması baxımından son dərəcə zəruri olduğunu vurğulayıb. Qeyd edib ki, aşıq sənəti xalqımızın tarixini, mənəvi dəyərlərini, adət-ənənələrini, dünyagörüşünü özündə yaşadan zəngin bir xəzinədir. Bu sənət yalnız musiqi və söz sənəti deyil, həm də milli kimliyimizin, xalq ruhunun ifadəsidir. Aşıq sənətinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi hər birimizin mənəvi borcudur. O, xüsusilə gənc nəslin bu sənətə cəlb edilməsinin, ustad-şagird ənənəsinin davam etdirilməsinin vacibliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: