AMEA Geologiya İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “20 yanvar - donan vicdanların haqq səsi” mövzusunda tədbir keçirilib.
Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun Gənc Alim və Mütəxəsislər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov həmin dövrdə olmuş hadisələri yada salaraq, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən danışıb, tarixi həqiqətlərə nəzər salıb.
Daha sonra çıxış edən Gəncə Kənd Təsərrüfatı Akademiyasının professoru Eldar Hüseynov ölkəmizdə və xaricdə 20 Yanvar hadisəsinə verilən siyasi-hüquqi qiymət, həmçinin Azərbaycandan kənarda yaşayan soydaşlarımızın, xüsusən də gənc nəslin bu istiqamətdə maarifləndirilməsi istiqamətində Azərbaycan ziyalılarının öhdəsinə düşən vəzifələrdən söhbət açıb.
Geologiya İnstitutunun şöbə müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Hikmət Mahmudov və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynov qanlı yanvar günü milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmasından, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətindən söz açıblar.
Sonda video görüntü vasitəsilə 24 il bundan öncə törədilmiş qanlı hadisələrin kadrları nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.