Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.06.2016 09:19
  • A-
  • A
  • A+

“Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” elektron nəşrinin təqdimatı olub

“Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” elektron nəşrinin təqdimatı olub

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında ölkəmizin ictimai-siyasi həyatının mühüm sahələrini özündə əks etdirən müxtəlif layihələrin reallaşdırılması ənənə halını alıb.

İyunun 9-da növbəti layihənin – “Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” adlı elektron nəşrin təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Mehriban Əliyevanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı və xoşməramlı səfir kimi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində çox böyük işlər gördüyünü bildirib. O, birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin artıq Avropa və Asiya qitəsi, eləcə də Azərbaycanın qonşu ölkələri də daxil olmaqla, geniş bir coğrafiyanı əhatə etdiyini və bu coğrafiyanın gündən-günə genişləndiyini diqqətə çatdırıb.

Bildirilib ki, təqdim olunan elektron nəşr altı əsas bölmədən - “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”, “Azərbaycan Gimnastika Federasiyası”, “Azərbaycanın birinci xanımı”, “Heydər Əliyev Fondu”, “Xoşməramlı səfir”, “Millət vəkili” bölmələrindən ibarətdir. İstifadəni asanlaşdırmaq üçün hər fəsildəki materiallar mənbəyi göstərilməklə illər üzrə xronoloji ardıcıllıqla verilib.

Elektron nəşrin ana səhifəsində birinci xanımın qısa bioqrafiyası, ona həm ölkəmizdə, həm də xarici dövlətlər və mötəbər beynəlxalq təşkilatlar tərəfindən verilən mükafatların, orden və medalların, fəxri adların və təltiflərin xronologiyası təqdim olunur.

Artıq 2000-dən çox materialın tam mətnini əhatə edən bu elektron nəşr mütəmadi olaraq yenilənir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan elektron nəşr  http://www.mehribanaliyeva.preslib.az domeni vasitəsilə istifadəçilərə təqdim olunur.

Daha sonra elektron nəşrlə bağlı müzakirələr aparılıb. 

Müzakirələr zamanı çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli təqdim olunan elektron nəşrin əhəmiyyətindən, birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, onun rəhbərliyi ilə mədəniyyət, səhiyyə, elm, təhsil, idman, ekologiya və digər sahələrdə həyata keçirilən layihələrdən, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərdən, ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanmasına verdiyi töhfədən danışıblar. Vurğulanıb ki, Mehriban Əliyevanın diqqətindən kənarda heç bir sahə qalmır. O, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Azərbaycanda son illər ərzində formalaşmış birinci xanım institutu bu gün dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Mehriban Əliyeva xalqına xidməti əsas meyar kimi birinci xanım qismində qəbul edib. Onun humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət məramı dayanır. Bildirilib ki, təqdimatı keçirilən bu elektron nəşr alimlər, tədqiqatçılar, tələbələr daxil olmaqla geniş oxucu kütləsi üçün zəngin mənbədir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zakir Həşimov və başqaları elektron nəşrlə bağlı fikirlərini bildiriblər. Onlar birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti ilə bağlı çoxsaylı materialların sistemləşdirilərək oxuculara təqdim olunmasının əhəmiyyətini qeyd ediblər. Müzakirələr zamanı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti, Vətənə və xalqa sevgisi, Azərbaycan Prezidentinin siyasətinə dəstək olaraq gördüyü işlər və s. məsələlərdən söhbət açılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: