İyunun 16-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başlanıb.
2016-cı ilin fevral ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris edilib. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.
AMEA Gəncə Bölməsi, Naxçıvan Dövlət Universiteti və AMEA Naxçıvan Bölməsində institutun distant tədris mərkəzləri fəaliyyət göstərir. 2011-ci ildən Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar TİM-də tədris olunan dərsləri məsafədən dinləyirlər. Cari ildən həmin bölgələrdə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə imtahanlar internet üzərindən distant formada keçirilir.
Qeyd edək ki, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir. AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə aparılır. İmtahan prosesinə TİM-də quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət edilir.
Bu sessiyada Gəncə və Naxçıvandan 100 elmi tədqiqatçının, ümumilikdə isə 900-dən çox doktorant və dissertantın imtahan verəcəyi gözlənilir.
İmtahanlar iyulun 15-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.