Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən prioritetlərdən biri də kənd təsərrüfatı sahəsində tətbiq edilən innovativ layihələrdir. Ölkəmizin tərəqqisinə zəmin yaradan sözügedən sektora alimlərimiz tərəfindən elmi dəstək verilir. Bu məqsədlə AMEA-da aktual tədqiqatlar aparılır, dünya təcrübəsi öyrənilir. Sözügedən layihələrdən biri də rayonlarımızda yerləşən akademiyanın dayaq məntəqələrində görülən əməli tədbirlərdir.
Burada aparılan təcrübələr, görülən işlərlə yaxından tanış olmaq məqsədilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev, İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev Kürdəmir, Ağsu, Ağdaş və Ucar dayaq məntəqələrində olublar.
Nümayəndə heyəti əvvəlcə Kürdəmir rayonundakı Botanika İnstitutu Karrar dayaq məntəqəsində tarla təcrübələrinin vəziyyəti və bitkiçilik məhsullarına baxış keçirib. Bildirilib ki, buradakı 132 hektarlıq ərazidə taxıl, arpa, həmçinin quraqlığa davamlı şoranlı torpaqlarda yetişən tərəvəz və yem bitkiləri əkilib. Bu bitkilər təcrübə məqsədilə yetişdirilməklə yanaşı, gələcəkdə Kür-Araz ovalığında aqrar sahənin inkişafı üçün də nəzərdə tutulub. Bitkilərlə bağlı aparılan təcrübələr onların inkişaf xüsusiyyətləri, ərazinin həmin bitkilər üçün məhsuldarlığı ilə bağlıdır. Hazırda 4,1 hektar ərazidən 9,8 ton arpa yığılıb. Bundan əlavə, xeyli miqdarda taxıl yığımı da gözlənilir.
Bildirilib ki, 132 hektar torpaq sahəsinin 103 hektar ərazisi hazırda istifadəyə verilib. Boş qalmış sahənin isə gələn ildən istifadəyə verilməsi planlaşdırılır.
Sonra Ağsu təcrübə dayaq məntəqəsinə baş çəkilib. Zoologiya İnstitutu dayaq məntəqəsinin müdiri Akif Qədirov bildirib ki, ümumi torpaq sahəsi 157 hektar olan bu ərazidə əkinçiliklə yanaşı, fermer təsərrüfatının da inkişafı nəzərdə tutulub. Ərazidə 80 hektar arpa və buğda bitkiləri əkilib. Həmçinin burada elmi eksperiment üçün 15 ədəd gürzə ilanı saxlanılır.
Məntəqədə 1990-cı illərdən qalmış binalar yerləşir ki, onlar da qısa müddətdə təmir olunaraq yararlı vəziyyətə gətirilib. Bu binalar elmi tədqiqat işlərinin aparılması, quşçuluq təsərrüfatının yaradılması üçün əlverişlidir.
Daha sonra Genetik Ehtiyatlar İnstitutunun Ağdaş elmi tədqiqat bazasının fəaliyyəti ilə tanışlıq olub. Bazanın rəhbəri Mabud Rəsulov aparılan təcrübələr barədə məlumat verib. Qeyd edib ki, 23 hektara malik ərazi əsasən genetik ehtiyatlar fondunun toplanması, çəyirdəkli, tumlu meyvələrin genefondu, yerli növdə meyvələrin bu ərazidə yetişdirilərək qorunub saxlanması üçün nəzərdə tutulub. Həmçinin institut tərəfindən tərəvəzçilik, meyvəçilik, pambıqçılıq, yem və texniki bitkilər üzrə elmi tədqiqat işləri aparılır.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev yerinə yetirilən elmi-tədqiqat işləri və əkinçiliklə bağlı yenilikləri nəzərə çatdırıb.
Səfər çərçivəsində məntəqədə çalışan alim və mütəxəssislərlə söhbət aparılıb, inzibati binalara, maddi-texniki bazaya baxış keçirilib və qarşıya qoyulan vəzifələrin icra vəziyyəti müzakirə edilib, müvafiq tapşırıqlar verilib. Məntəqələrdə elmi araşdırmaların aparılması məqsədilə laboratoriyaların təşkili təklif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.