İyunun 21-də AMEA Rəyasət Heyətində AMEA Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun veb-saytının təqdimatı keçirildi.
Tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və İnformasiya Texnologiyaları İnstitutunun məsul şəxsləri və əməkdaşları iştirak edirdi.
Son illərdə AMEA-da yüksək texnologiyaların sürətlə tətbiq olunduğunu bildirən akademik R.Əliquliyev akademiya rəhbərliyinin AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yüksək səviyyədə təşkilinə böyük önəm verdiyini diqqətə çatdırdı. Alim, akademiyada fəaliyyət göstərən institut və təşkilatların veb-saytlarının səmərəliyinin artırılması məqsədilə yaradılmış Monitorinq qrupu tərəfindən mütəmadi olaraq monitorinqlərin aparıldığını bildirdi. Qeyd etdi ki, bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları Azərbaycan elmində baş verən yeniliklərin dolğun şəkildə işıqlandırılmasında xüsusi əhəmiyyət kəsb edir və alimlərimizin fəaliyyətinə dair məlumatlar bu saytlar vasitəsilə operativ olaraq yayımlanır.
Veb-saytlar yaradılarkən onların beynəlxalq, texnoloji, hüquqi və korporativ tələblərə cavab verməsinin əhəmiyyətli məsələlərdən olduğunu söyləyən akademik dövlət qurumlarının veb-saytlarının bu tələblərə cavab verməsinin vacibliyindən danışdı. İnformasiya Texnologiyaları İnstitutunun məsul şəxsləri tərəfindən yaradılmış Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun veb-saytının qeyd olunan bütün müasir tələblərə cavab verdiyini bildirdi və burada ən son texnoloji yeniliklərin reallaşdırıldığını nəzərə çatdırdı.
R.Əliquliyev rəhbərlik etdiyi qurumun Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun veb-saytına daim texnoloji dəstək göstərəcəyini vurğuladı.
Sonra İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “www.kqkiamea.az” saytını təqdim edərək veb-saytın yaradılmasında əsas məqsədin institutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması olduğunu bildirdi.
G.Nəbibəyova qeyd etdi ki, AzSciencenet elm-kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilmiş veb-sayt AMEA-nın institut və təşkilatlarının veb-saytlarına olan tələblərə dizayn, struktur, istifadə olunmuş texnologiyalar və təhlükəsizlik baxımından tam cavab verir.
Sonra məruzəçi saytın strukturu haqqında ətraflı məlumat verərək 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytda “İnstitut haqqında”, “Xəbərlər”, “Elmi fəaliyyət”, “Şuralar”, “Beynəlxalq əməkdaşlıq”, “Dövri nəşrlər” və digər bölmələrin yer aldığını, institutda keçirilən mühüm tədbirlərin “Fotoqalereya” və “Videoqalereya” bölmələrində öz əksini tapdığını qeyd etdi. Veb-resursun sadə və genişləndirilmiş axtarış sisteminə malik olduğunu bildirən şöbə müdiri internet-resursda “Əhəmiyyətli linklər”, sosial şəbəkələrə və institutun jurnallarının veb-saytlarına keçidlərin olduğunu söylədi.
Onun sözlərinə görə, veb-resursda yerləşdirilmiş sayğac sayta olan müraciətlərin illər üzrə dinamikası və müraciətlərin coğrafiyası haqqında məlumatları əldə etməyə imkan verir.
G.Nəbibəyova qeyd etdi ki, veb-saytın administrasiyası üçün təyin olunmuş məsul şəxslərə AMEA İnformasiya Texnologiyaları İnstitutunda tədris kursu keçilmiş və saytların idarə edilməsinə dair zəruri biliklər aşılanmışdır.
Sonra çıxış edən akademik D.Tağıyev hər bir elmi-tədqiqat müəssisəsinin veb-saytının onun siması olduğunu söyləyərək müəssisələrin veb-resurslarının elmin populyarlaşdırılmasında mühüm rola malik olduğunu bildirdi. İnformasiya Texnologiyaları İnstitutunun kollektivinə rəhbərlik etdiyi institutun veb-saytının ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.
Sonda təqdimata dair geniş fikir mübadiləsi aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.