Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

02.09.2016 12:43
  • A-
  • A
  • A+

“Azərbaycan xalçaları” elmi- publisistik jurnalının XIX sayı nəşr olunub

“Azərbaycan xalçaları”  elmi- publisistik jurnalının XIX sayı nəşr olunub

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 19-cu nömrəsi nəşr olunub.

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının bu nömrəsində də respublikamızın ictimai, mədəni, elmi həyatına dair rəsmi xronika, həmçinin incəsənət, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, elmi məqalələr, maraqlı tərcümə materialları daxildir. Jurnalda Bakıda keçirilən Dağıstan mədəniyyəti günləri haqqında reportaj təqdim olunub. Azərbaycan və Dağıstan alimlərinin “Dərbənd xalçaçılığı” elmi layihəsinin nəticələrinin müzakirəsinə həsr edilmiş görüşü haqqında məlumat verilib.

Bakıda keçirilən “I Beynəlxalq Türk Dünyasının ortaq dili-naxışlar” adlı simpoziumu, burada dinlənilən məruzələr, simpozium çərçivəsində keçirilən tədbirlər haqqında materiallar yer alıb. Oxucular jurnalın bu sayında tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Türk dünyası xalçaçılığında “Əjdaha” motivi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru X.Əsədovanın “Rusiya Etnoqrafiya Muzeyində və Dövlət Ermitajında qorunan Azərbaycan xalçaları”, professor A.Soysaldının (Türkiyə) “Üsküp və çevrəsində təsbit edilən kilim və digər yayğı örnəkləri”, sənətşünaslıq doktoru Elmira Gülün (Özbəkistan) “Özbəkistanda xovsuz xalça: növlərin çoxçeşidliliyi” kimi xalçaçılıq məsələlərini əhatə edən materiallarla tanış ola biləcəklər. Nəşrdə, həmçinin akademik Kamal Abdullayevin “Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi”, Vidadi Muradovun “Naxçıvan diyarında tikinti sənətinin inkişafı tarixindən”, tarix üzrə fəlsəfə doktoru İradə Məmmədovanın “Aleksey Saltıkovun “İrana səyahət” əsərində Azərbaycan türklərinin həyat tərzinin təsviri”, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyevanın “Azərbaycanın orta əsr silahları üzərində kitabələr”, TÜRKSOY-un qərarı ilə 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş olan Şəki şəhərinin yaranma tarixinə, memarlığına, maddi-mədəniyyətinə həsr edilmiş məqalələr də təqdim olunub.

Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: