Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.09.2016 16:24
  • A-
  • A
  • A+

Biologiya və Tibb Elmləri Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Biologiya və Tibb Elmləri Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Sentyabrın 19-da AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) ümumi yığıncağı keçirilib.

Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov tədbiri giriş nitqi ilə açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. O, akademik Adilə Namazovanı 90 illik yubileyi münasibətilə təbrik edib və Azərbaycan Prezidentinin alimə təbrik məktubu ünvanladığını xatırladıb. Akademik Adilə Namazova isə öz növbəsində ona və Azərbaycan elminə göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib.

Tədbirdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru Arif Mehdiyevin “Narkotik asılılığın korreksiyasının yeni immunokimyəvi üsulu” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzəçi narkotik asılılığın dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə tibbi problemdən sosial problemə çevrildiyini bildirib. Onun sözlərinə görə, narkotik asılılığı insanın mənəvi aləmini tükəndirir və sosial baxımdan təhlükəli şəxsiyyətə çevirir.

Daha sonra AMEA Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr üzrə müvafiq strukturların yaradılması haqqında” və “AMEA-nın Elm Tarixi Muzeyinin yaradılması haqqında” qərarlarından irəli gələn məsələlər müzakirə olunub. Bölmənin qərarı ilə AMEA Mərkəzi Nəbatat Bağında İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Tədbirdə II Azərbaycan Elm Festivalının keçirilməsi haqqında AMEA Rəyasət Heyətinin qərarından irəli gələn bir sıra məsələlər də müzakirə olunub.

İclasda Botanika İnstitutunun elmi katibi, b.ü.f.d. Xuraman Xəlilova yubileyi ilə əlaqədar BTEB-in Fəxri Fərmanı ilə təltif edilib. 

Sonda bir sıra kadr məsələlərinə də baxılıb. Akademik İradə Hüseynovanın AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinə ictimai əsaslarla rəhbərlik etməsi haqqında qərar verilib. Həmçinin biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva AMEA-nın Zoologiya İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Lalə Şirinova həmin institutun Təhsil, Şahzadə Mədətova isə İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifələrinə təsdiq ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: