Oktyabrın 12-də AMEA-nın Rəyasət Heyətində Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin sədri yanında müvafiq İşçi Qrupunun yığıncağı keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurum ilə BNTİ arasında əməkdaşlıqdan danışıb. Nüvə tədqiqatları sahəsində sözügedən təşkilatın təcrübəsinin azərbaycanlı alimlər üçün maraqlı olduğunu deyən Akif Əlizadə ikitərəfli əməkdaşlığın bundan sonra da effektiv olacağına əminliyini ifadə edib.
Akademik vurğulayıb ki, BNTİ-nin 60 illik yubileyi və bu təşkilatın müstəqil Azərbaycan Respublikası ilə əməkdaşlığın 25 illiyinə həsr olunmuş BNTİ Günləri ilə əlaqədar AMEA-da bir sıra digər tədbirlər də keçiriləcək. Qeyd edib ki, oktyabrın 14-dək davam edəcək tədbirlərdə yerli alimlərlə yanaşı, quruma üzv ölkələrin 50-ə yaxın nümayəndəsi də iştirak edəcək.
Sonra tədbir quruma üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin sədri, Bolqarıstan Respublikasının Nüvə tənzimlənməsi Aqentliyinin rəhbəri Laçezar Kostovun sədrliyi ilə davam edib.
Tədbirdə BNTİ-nin direktoru, akademik Viktor Matveyev rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib. BNTİ-nin laboratoriyalarında öz sözünü demiş alimlərlə yanaşı, gənc mütəxəssislərin də çalışdığını deyən akademik gənclərin müasir sürətləndirici qurğularda, reaktorlarda, cihazlarda onlar üçün vacib olan təcrübə keçdiklərini bildirib. Viktor Matveyev üzv ölkələrin dünya elminə inteqrasiyasında ən səmərəli vasitə olan bu institutda Azərbaycan alimlərinin də uğurla təmsil olunduğunu əlavə edib.
Daha sonra Viktor Matveyev təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib.
Tədbir İşçi Qrupunun nümayəndələrinin məruzələri ilə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.