Noyabrın 2-də AMEA-nın Əsas binasında Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə görkəmli filosof, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 80 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın 25 illiyi və elmi-fəlsəfi irsimiz” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova görkəmli alimin həyat və fəaliyyəti, zəngin elmi irsi barədə məlumat verib. Bildirib ki, Z.Məmmədovun fəlsəfə tarixi elminin inkişafında və zənginləşməsində göstərdiyi xidmətlər onun xatirəsini yaddaşlarda əbədi həkk edib. N.Axundova tədqiqatçılar tərəfindən Z.Məmmədovun elmi fəaliyyətinin araşdırıldığını, alim haqqında məqalələrin yazıldığını, onun elmi irsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Sonra akademik Vasim Məmmədəliyev “Zakir yaxın dost və görkəmli bir alim kimi” mövzusunda məruzəsini təqdim edib. Akademik bildirib ki, Zakir Məmmədov bütün elmi fəaliyyəti boyunca müxtəlif dillərdə, xüsusən ərəb və fars dillərində olan mənbələrdən istifadə etməklə Azərbaycan fəlsəfə tarixinin öyrənilməsində əvəzsiz xidmətlər göstərib. Alim müxtəlif qaynaqlardakı mənbələrdə apardığı araşdırmalar nəticəsində orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda dini fəlsəfi təlimlərlə yanaşı, elmi-fəlsəfi təlimlərin də olduğunu sübuta yetirib.
Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Görkəmli filosof - Zakir Məmmədov” adlı məruzəsində alimin elmi əsərlərinin orta əsr fəlsəfəsi və tarixini araşdıran tədqiqatçılar üçün dəyərli mənbə olduğunu söyləyib. O, mərhum alimlə bağlı xatirələrini bölüşərək, institutda Zakir Məmmədovun xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. İ.Məmmədzadə AMEA Rəyasət Heyətinin qərarı ilə Zakir Məmmədovun nəşr olunmamış əsərlərinin çap olunacağını qeyd edib.
Tədbirdə AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Orta əsrlərdə fəlsəfə tariximizin ilk salnaməsi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, alimin bütün tədqiqatları ilk mənbələr əsasında aparılıb. O, araşdırma və tədqiqatlar aparmaq üçün görkəmli alimin üzləşdiyi çətinliklərdən bəhs edib. Bildirib ki, onun tədqiqatlarına qədər Bəhmənyarın “Metafizikanın mövzusu” və “Mövcudatın mərtəbələri” adlı kiçik həcmli iki əsəri məlum idi. Zakir Məmmədovun araşdırmaları nəticəsində filosofun genişhəcmli “Təhsil” əsəri aşkar edilib. Alim “Təhsil” əsərini ilk dəfə tam halda tədqiqata cəlb edib. Görkəmli alimin tərcüməçilik fəaliyyəti haqqında məlumat verən akademik R.Hüseynov qeyd edib ki, Bəhmənyarın “Metafizikanın mövzusu”, “Mövcudatın mərtəbələri” əsərləri ilə yanaşı, “Təhsil” kitabı da Zakir Məmmədov tərəfindən tam şəkildə Azərbaycan dilinə tərcümə edilib.
Tədbirdə çıxış edən fəlsəfə üzrə elmlər doktorları Azər Mustafayev, Rəfiqə Əzimova və digərləri görkəmli alimin Azərbaycan elminə verdiyi töhfələrdən, həyat və yaradıcılığından, yüksək insani keyfiyyətlərindən bəhs ediblər.
Sonda Z.Məmmədovun qızı Aytək Məmmədova atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.